Cəmiyyətin texnologiyalaşdırılması
müasir insanın praktiki olaraq, epistolyar ünsiyyətdən
uzaqlaşmasına gətirib çıxarmışdır.
Bu da onunla izah olunur ki, zamanın sürətli
ritmi mobil rabitə, SMS göndəriş, elektron
poçt vasitələri kimi daha operativ əlaqə
vasitələrini fəallaşdırmışdır.
Bu proseslər epistolyar janra da aiddir.
Heç kimə sirr deyil ki, bu gün biz artıq
öz dostlarımızın xəttini tanımırıq.
Bizim uşaqlarımız isə öz babalarının,
nənələrinin xətti ilə tanış
deyillər. İndi elə bir nəsil yetişir
ki, oxuyub və yazmaqdan daha çox, dinləməyə
və görməyə üstünlük verirlər.
Məktub mətnini tərtib etmək
mədəniyyəti qədim zamanlardan mövcud
olmuşdur. Məktub – məlumatlandırmaq məqsədilə
göndərilən yazılı mətndir.
Məktub – yazı bacarığını
nümayiş etdirən sənəddir. Bildiyimiz
kimi, məktub – xüsusi bir janr olub, şəxsi
mətn yaratmaq vərdişləri tələb
edir ki, bu da şəxsiyyətin simasını
qabarıq əks etdirməyə qadirdir.
Şəxsi mətn sərbəst
olaraq məktubun yazılması prosesində yaranır.
Bunun ən xarakterik cəhəti ondan ibarətdir
ki, məktubu yazan şəxs, sanki, sözlərlə
eksperimentlər apararaq, ünvanlanan şəxsə
öz hisslərini izah etməyə çalışır.
Məktubun mətni kağız
üzərində yazanın dünyaya baxışlarını
əks etdirir. Buna görə də məşhur
yazıçıların, şairlərin, dövlət,
elm, mədəniyyət və incəsənət
xadimlərinin epistolyar irsi xüsusi maraq kəsb
edir.
Bu, onların yaradıcılıq
laboratoriyasına daxil olmağa, onların daxili
aləmini başa düşməyə imkan verir.
Bu halda məktub bizimçün şəxsiyyətin
fəlsəfi gündəliyi kimi əhəmiyyət
daşıyır.
Ancaq yenə də İnternet əsrində,
ən yeni informasiya texnologiyaları və mobil
rabitə dövründə kiçik bir möcüzə
kimi görünən poçt konverti hələ
də bizim həyatımızda qalmaqda və müasir
məişətimizin ayrılmaz bir hissəsinə
çevrilməkdədir.