Oğlum məktubunu
aldım, Sağ ol!
Doğrudur xətti oxumaq üçün nüfuzlu
mütəxəsislərdən ibarət bir
komisyon düzəltməli olduq. Komisonun işi
(komisyon üzvləri: Təranə, Fidan, Nigar
və mən idim) böyük müvəfəqiyyətlə
nəticələndi: yazının demək
olar ki, 60% -i üç saata, qalan 40%-dən 5
–6 % təxmin şəklində müəyyən
etmək mümkün oldu. Bir təsəllimiz
var ki, sən də mənim xəttimi oxumaqdan
az zəhmət çəkməyəcəksən...
...Burda işlər yaxşıdır. Ev – eşik
yerində, adamlar sağ – salamat, ədəbiyyat
gül, bülbül, pərvanə və kaman
qaşlar arasında çaşıb qalıb.
Bilmir əsrin həqiqətinə inansın,
kosmos əsrinin çağrışına qulaq
versin, ya hüs –camal aləmində ilişib
qalan kimi. Bu məsələnin həlli müşküldür...
...Telefona çağırdılar...
Məktubu dünən başladım, bu gün
davam edirəm. Telefonda yol. Sabit Rəhmanov idi.
Bir xeyli çərənlədik. Sonra da yuxum
gəldi, yatdım. Dünən bütün
günü yağış yağıb. Bu
gün yaxşı gün çıxıb.
Lənkəran səfərim çox yaxşı
oldu. Səni xatırladım. Əsgərolduğun
zaman görüşdüyümüz qonaq otağında
qalırdıq. Bütün həyət gül
iyinə qərq olmuşdu. Bülbüllərin
səsi (şerə doluşan bülbülləri
demirəm ha) adamı necə yatmağa qoymurdu.
Bir kəndə də getdik (Volodya Qafarov və
Əli Kərim də mənimlə getmişdi).
Bu kənd Dibol adlanır. Talışca bolluq
kəndi deməkdir. Şəkər Aslanov adlı
bir cavan şair var, onların kəndidir. O da
bizimlə getmişdi.
Çay becərənlər düyü əkirlər,
mal qara saxlayırlar. Bu il Aəzrbaycanda yağan
yağışlar bir təbii fəlakət
halını alıb. Deyirlər yüz ildi
bu vaxt belə yağış görünməyib.
Bir çox yerlərdə çiyidi yerdə çürüdüb,
cücərməyə qoymayıb. Təzədən
əkməli oldular. Bu da çəkilən ağır
zəhmətə əlavədir. Görünür
allah ateizmin və din əleyhinə mübarizənin
hayıfını bizdən çıxır.
Təzə nə yazırsan? Televiziyaya söz
verdiyim pyesi qurtarmaq istəyirəm. Bu günlərdə
Neft daşlarına gedəcəyəm. Görən
nə çıxır. Sən neyləyirsən?
Nə yazmısan? “İlin son gecəsi” necə
oldu? Povest nə haldadır? İşləyə
bilirsənmi? Məktub yaz, pul lazım olsa yaz!
...Qohum –qardaş hamısı sağ – salamatdır.
Öpürəm.
Rəsul. 18/V –63”