Hörmətli
İlyas müəllim.
Mən sizin
əsərlərinizin həmişə ilk oxucusu olmuşam.
Azərbaycan yazıçılarını çox az oxumağıma
baxayaraq (əlbəttə, bu mənim qəbahətimdir)
Sizi həmişə izləmişəm. Son əsəriniz
(«Dağlar arxasında üç dost») məni tamamilə
valeh etmişdir. Hətta «Azərbaycan» jurnalının
çapdan çıxmasını gözləyə bilmədim,
mətbəədə hələ tam hazır olmayan nüsxələri
alıb oxudum. Elə o vaxt da əsər haqqındakı
qeydlərimi, mülahizələrimi Sizə yazmaq qərarına
gəldim. Ancan ailəmizdə baş verən bir bədbəxtlik
bu məsələni təxirə saldı. Bəlkə
buna görədir ki, indi fikirlərimi istədiyim kimi
verə bilmirəm. Hər halda, zəif də olsa, öz
təəssüratımı Sizə çatdırmaq
istəyirəm.
Əsərinizdəki Səlimə, Şahlar, Bəndalı,
usta Manas, Bağdagül və s. surətlər nə
qədər canlıdırlar. Bir sözlə, Qartallı
dərənin adamları çox təbiidirlər, onlarda
heç bir cansıxıcılıq yoxdur.Hələ
Səlimə! Ümumiyyətlə Sizin yaratdığınız
qızlar qəribə təbiətə malikdirlər
(hərçənd həyatda belələrini yaxşı
qarşılamırlar).
Səlimənin riyakarlıqdan uzaq olması, cəsarətliyi,
romantik təbiəti, təbii ehtirasları mənə
nəinki kimisə xatırladır, hətta mən onun
prototipini tanıyıram. Xüsusilə qızın
barmağına taxılan üzük-bu qeyri-adi nişanlanma
mənə bir hadisəni çox xatırladır. Elə
bil Siz həmin hadisənin şahidi olmusunuz.Ancaq məni
başqa şey düşündürür. Məhəbbət
əsl mənada olarkən barmaqdakı üzüyə
ehtiyac qalırmı? Sizin «Yun şal»dakı qıza vaxtilə
tərəddüd keçirən oğlan nəhayət
üzük alır.Doğrudur bu bizim milli ənənəmizidir,
lakin məndə belə bir etiqad yaranıb ki, əsl
məhəbbət olmayan yerdə barmaqdakı üzük
də, pasportdakı möhür də öz əhəmiyyətini
itirir, elə deyilmi?
Əsərinizdəki üsulla barmağına üzük
salan qız (mənim tanıdığım…) beş
ildən yuxarıdır ki, bir nəfəri sevir. Bu qızın
hissi o qədər yüksəkdir ki, Səlimənin
dediyi kimi, onu «çeynənmiş sevgi» adlandırmaq da
qəbahətdir. Lakin bu yüksək hissə mane olan
səbəb vardır. Kişi evlidir. Qəribədir,
sevəsən, seviləsən, hissin də yetim qalsın.
Deyəcəksiniz kişi boşansın, vəssalam.
Axı onun uşaqları yar, cəmiyyətimiz elədir
ki, boşananlara ictimaiyyət yaxşı nəzərlə
baxmır. Xüsusilə vəzifə daşıyan,
az çox tanınmış adamlar ailədə nümunəvi
olmalıdırlar. Qəribədir, ailədə sevmədən,
məhəbbətsiz yaşamağı heç kəs
qəbahət saymır, çünki uşaqların var
və pasportuna möhür vurulmuşdur. Lakin ömrünü,
gününü əsirgəmədiyin bir adamla möhürsüz-filansız
(ancaq saf hisslərlə) yaxın olduqda yer-yandan səni
ittiham etməyə çalışırlar.
Çox qəribədir, İlyas müəllim, heç
bilmirəm bunları Sizə niyə yazıram. Yəqin
yaratdığınız qızlar mənim təbiətimə
çox yaxın olduğu üçün öz fikirlərimi
qismən açıq yazdım. Bir az ürəyi olanlar
ürəkləri ovuda bilərlər, deyilmi? Əgər
Sizinlə görüşsəm, bu məsələləri,
bəlkə avtobioqrafik xarakter daşıyan bu macəranı
da təfsilatı ilə Sizə danışaram. Bu, Sizin
üçün gözəl bir əsər mövzusu
ola bilər. Mən Sizə danışacağım əhvalatı
kiçik bir povestimdə qismən vermişəm (kaş
onu oxuyardınız), ancaq mənə elə gəlir
ki, dediyim mövzu mənim kimi püxtələşməmiş,
gənc yazıçıların deyil, Sizin kimi bir yazıçının
qələmi üçündür.
Vaxtınızı aldığım üçün
üzr istəyirəm.
Hörmətlə: Sara Rəhimova
P.S:Bəlkə vaxtınız müsaidə buyurdu və
bu yazdıqlarım ətrafında söhbət etmək
istədiniz, məni evimdə 7-08-96 nömrəli telefonda
tapa bilərsiniz.
7.XII.63