İlyas Əfəndiyev

Əzizim İlyas, salam-dua.

Qardaş! Məktubunu alan kimi cavab verirəm ki, ürəyin arxayın olsun.

Kitabın (iki əsər birlikdə) tamam-kamal təsdiq olundu və getdi mətbəəyə. Tez çapdan çıxması üçün tədbir görəcəm.

Pulunun 35%-ni də bu günlərdə göndərtdirirəm.

Qoslitizdatda kitabın çıxaq üçün bütün əlaqələrim, dostlarım, özüm çalışırıq və hökman kitab olacaq.

Povestləri veririk roman-qəzetə bəlkə bir şey çıxarda bilərik.

İlyas! «Söyüdlü arx»ı və «Körpü salanlar»ı birdən orada nəşriyyatda rusca kitab halında çap etdirərsən. Beləliklə, bizim zəhmətimiz, hörmətimiz səninki ilə bir yerdə batar. Əgər orada kitabını rusca plana saldırmış olsan belə get plandan pozdur, xahiş edirəm, qəti olaraq xahiş edirəm İlyas. Qardaş burada neçə kitab istəsən, nə qədər yazsan çapını mənə tapşır.Amma orada rusca çapı rədd elə!... Bu barədə sənin təcili cavabını gözləyirəm İlyas, mənim sevimli dostum!..

Uşaqlara salam. Öpürəm səni.

Qardaşım! Xahiş edirəm o Kübradan soruş, gör Hüseyn Cavidin əsərinin tərcümə haqqını niyə qoymur göndərsinlər. Bu işə qarış qoy göndərsinlər haqqımı.

Yadımdan çıxmasın sən canın. Sadiq qardaşın, dostun İbrahim Kəbirli.

Tezliklə cavab ver.

3/IV-61 İL.

   

© Musigi Dunyasi