Məktub.
Hörmətli müəllimim İlyas Əfəndiyev,
salam.
Əziz müəllimim, mənim sizə heç bir tanışlığımız
olmadan müəllim deməyimə yəqin ki, təəccüb
etməyəcəksiniz, çünki mən sizi tanıyıram.
Mən bu saat 9-cu sinifdə oxuyuram. Mən sizin əsərinizi
6-cı sinifdə oxuyarkən «Görüş» hekayənizi
oxudum. Həmin vaxtdan siz mənim qəlbimdə yeni bir
səhifəni çevirmisiniz. Mən də sizi özüm
üçün müəllim bildim və sizin belə
yüksək yaradıcılığınıza hərcəhətli
vurğun oldum. Əziz müəllimim mən uzun müddət
sizin ünvanınızı axtardım, ancaq tapa bilmirdim,
sonralar mən «Ədəbiyyat və incəsənət»
qəzetinin əməkdaşlarından xahiş etdim.Həmin
bu vasitə ilə arzuma çatdım. Ayın 7-də
sizin ünvanınız əlimə çatdı.Həmin
saat sevincim yerə-göyə sığmırdı
tez oturub sizə sevinclə bu məktubu yazdım. Əziz
müəllimim, yəqin ki, məni bağışlayırsınız,
ona görə ki, mən sizə ərk ilə müəllimim
deyirəm. Müəllimim, mən sizin yaratdığınız
qəhrəmanlarınız kimi deyiləm. Sizin «Söyüdlü
arx», «Körpüsalanlar», «Bahar suları», «Atayevlər
ailəsi» əsərlərinizlə tanışam, kitablarınız
mənim üçün stolüstü kitabım olub.
Əziz müəllimim, mənim ədəbiyyat elminə
olan marağımı siz oyatmısınız. Mən
daim sizin yaradıcılığınıza minnətdaram.
Əziz müəllimim, yəqin ki, mənim kimliyim sizi
maraqlandıracaq. Mənim adım Vaqif, familiyam isə
Xəlilov, atamın adı isə Məmməddir. Ailəmiz
üç nəfərdən ibarətdir. Mən, atam
və anamdır. Mənim Atam atalığımdır,
anam isə doğmadır, mənim nə bacım, nə
qardaşım var. Bir qədər duruxsam bunların nə
qədər mənim üçün ağır olduğunu
duymamış olmazsınız. Əziz müəllimim,
mənim sizinlə məktublaşmaqda məqsədim
var. O da sizin yaradıcılığınza kömək
etmək və öz kiçik yaradıcılığıma
məsləhət almaqdır. Əziz müəllimim,
əgər mənimlə maraqlansanız sizinlə yeni
bir mövzu üzərində işləməyinizə
canla başla kömək etməyə hazıram. Əziz
müəllimim, biz Azərbaycanlıyıq, cəmi 6
ildir ki, Ermənistanın Toxluca qəsəbəsinə
köçmüşük (1960-cı ilin mayında).
Atam çobandır, mamam da evdar qadındır. Mən
isə şagird. Əziz müəllimim İlyas, sizi
ailənizlə birlikdə 1 may münasibətilə
təbrik edirəm və ailənizə can sağlığı
arzu edirəm. Bu tanışlıq məktubunu da bitirirəm.
Xudahafiz, ailənizlə birlikdə qalın salamat. Hər
gün və hər saat cavabınızı gözləyirəm.
İmza: Toxluca kənd orta məktəbənin IX sinif
şagirdi Xəlilov Vaqif.
8 may 1966-cı il.