Rəsul Rza

“21 fevral 63

Oğlum, Anarım!

Bu gün Nigarla qonaq getmişdik. Ə-gilə çox üz vurduq, getməli olduq…

Ə-gildə gördüyüm həyat mənzərəsi məni xeyli riqqətləndirdi. İnsan nece mürəkkəb, anlaşılmaz məxluqdur. Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Biri sakitlikdən zövq alır, biri yağlı yeməkdən, biri hamıya böhtan deməkdən.

Ə-ni sən tanıyırsan. Bu adamın tükənməz enerjisinə heyran qalmamaq mümkün deyil. Bu yaxınlarda onunla, Tahir Salahovla, Elbəylə (Elbəy Rzaquliyev – A.) Neft daşlarına getmişdik. Qara dəniz səfərimiz yadındadırmı? O zamandan neçə il keçir. Elə bil ki, 1963 –cü ilin qapısını açıb o uzaq illərə girdim. Ə. həmin şux enerjili, adama (bəzən həddindən artıq) hörmət göstərən Ə. idi. Bir zərrə qədər dəyişməmişdi. Bu gün onun səadətxanasında olduğumuz zaman mən bu adamın, adi görünən bu adamın qəlbində nə qədər zəngin insani hisslər yaşadığını gördüm. Mən onun evinə səadətxana deyirəm. Uzun illər, onillər pəncərələri günəşə, qoynu hərarətə, içi sevincə həsrət daxmada ömür sürən bu adamın indi dörd otaqlıq fərəhini görsəydin, sən də belə deyərdin. Biri mehrini itə, biri pişiyə, biri quşa salır. Ə iki tapdıq uşaq saxlayır. Bu uşaqlar kim bilir, nə qədər məhrumiyyət, kədər, göz yaşı “gələcəyindən” dinc həyat, məhəbbət, tərbiyə, əmək, səadət”bu gününə” düşüblər.

Onlar “yetim” sözünün köz kimi cızıltısından qurtarıb “ana”, “ata” sözlərinin şəfqət və işıq mehribanlığına qovuşublar. Bütün bu insan qəhrəmanlığını eləyən, çoxlarının mərhəmətlə salam verdikləri, adam arasında “çudak” ləqəbi, qazanmış Ə-dir. Sən təsəvvür edə bilməzsən , o nə qədər böyük bir qürur və insanı raqqətə gətirən sevinclə “balalarından”, onların ağıl – kamalından danışırdı. Hər dəfə onların adını dedikdə onun gözlərində nə sonsuz bir səadət görünürdü.


 

   

© Musigi Dunyasi