Belə, insan mürəkkəb,
böyük, mənalı, mübhəm, zəngin,
heç bir zaman sona qədər dərk edilə
bilməyəcək bir varlıqdır. Əgər
bu varlığın heç olmasa bir hissəsini
anlamaq, duymaq, başqalarına nağıl etmək
üçün bir ömür vaxt lazımdırsa,
bunu məmnuniyyətlə etmək ən şərəfli
iş deyilmi?
Evə gəldik, dedilər zəng eləmisən.
Əzizim, oğlum, qardaşım, mənim
mehriban dostum, inamlı, ümidli arxam, yoldaşım
Anar bala, nə üçün bu qədər
nigaranlıq keçirirsən? Məgər sən
atanın həyata ilk qədəm qoyduğu
gündən mübarizələrdən, həyatın
sınaqlarından, illərin günlərin
imtahanından keçdiyini bilmirsənmi? Nə
üçün mənim gücüm, davamım,
dözüm və iqtidarım haqqında sən
şübhə edirsən? Nə üçün
nigaransan? Məgər mən inandığım,
seçdiyim həyat və sənət yolunda
azmı ədəbi və qeyri - ədəbi
mığmığaların sancaqlarını
görmüş, dızıltısını
eşitmişəm?
Paxıllar zümrəsinin, nadanlar dəstəsinin,
talantsızlar güruhunun tənə daşları
hansı sənətkarı yolundan qaytara bilmişdir?
Məgər sən mənim az- çox sənət
adamları qəbilindən olduğuma şübhə
edirsən?
Anarım! Mən axır günlər yumaristik
şerlər yazıram. Bu son hadisələrə
mənim necə baxdığıma sübut
deyilmi? “Karvanımız gedəcək” şeri
yadında deyilmi?
...Oğlum! İnsan anlamağa qadirdirsə,
heç bir məhrumiyyət, çətinlik,
zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm
ki, anlamağa qadirəm. Bu söz sənə
özündən dəm vurmaq, “özünü
bəyənən ağam vay!” qəbilindən
gəlməsin. Mən söz gəzdirən
ədəbi...f, nə üçün belə
etdiklərini anlamasaydım, qəzəbinə
səbəb olan nədir bilməsəydim, bugünkü
yeni ədəbi cərəyanın, xüsusilə
Azərbaycan şerində hər gün daha
artıq bir qüvvətlə səslənən
yeni şerin mübarizələrini bir sıraya
nə topladığını anlamasaydım
bəlkə də məyus olar, ruhdan düşərdim.
Bütün bunların şah səbəbini
aydın – aşkar gördüyüm üçün,
anladığım üçün bu hadisələr
(əgər bunları hadisə adlandırmaq
olsa) məndə bir təbəssümdən,
bəlkə də təəsüfdən başqa
bir şeyə səbəb olmur. Yeni yaradıcılıq
səfərinə, yeni mübarizələrə
özümdə hər zaman olduğundan artıq
qüvvət hiss edirəm.
Kim nə desə inanma. Sənin atan kefi kök,
damağı çağ, əlində hələ
gücünü, axtarışını, yeni
boyalarını itirməmiş bir qələm
olaraq “bənzəyir bir qocaman dağa ki, dəryada
durur”.
Mənim Anarım, səni və sənin Zemfiranı
öpürəm.
Rəsul”