İlyas Əfəndiyev

Hörmətli İlyas yoldaş!

Salam!

Sizə olan dostluq münasibətim Sizin yazıçılığınızla üzvi şəkildə bağlıdır. Sizin yaradıcı istedadınız, mənim isə azarkeş oxuculuğum bizi dostlaşdırmışdır. Sizin ilk qələm təcrübənizdən bu günə qədər nəşr edilmiş bütün əsərlərinizi həmişə məmnuniyyətlə oxumuşam. Səmimiyyətlə deməliyəm ki, Sizin əsərləriniz bədii nəsrimizin qızıl fondunda yüksək yer tutur. Bunun əsl səbəbi odur ki, Siz hər bir əsərinizdə səmimisiniz. Hətta siz səhv edəndə də səmimisiz! Bu səmimiyyət sirri nədir? Mənə elə gəlir ki, Siz xalqımıza nədə və necə kömək etmək üçün həmişə axtarış və kəşf yolu seçmisiniz. Daha doğrusu, «çalınmış havaları» təkrar etmirsiniz. Buna görə də öz səsiniz, öz nəfəsiniz oxucu kütləsini Sizin əsərlərinizə bir maqnit kimi cəlb edir. Sizin əsərləriniz üzərində mübahisələr də bu səbəbdən doğur. Mənə qalırsa, hər hansı bir əsər nəşr edildikdən sonra oxucuların və tənqidçilərin sükutuna səbəb olursa, deməli, həmin yazıçı heç kəsi «hərəkətə» gətirə bilməmiş və məqsədinə nail olmamışdır. Çox şadam ki, Siz bu qrupa mənsub olan sənətkar deyilsiniz!

Bu gün V.İ.Lenin adına APİ tələbələri Sizin «Dağlar arxasında üç dost»u müzakirə edəcəkdir. Müzakirə saat 130-a təyin edilmişdir. Bu zaman, çox təəssüf ki, mən dərsdəyəm. Müzakirədə iştirak etmək səadətindən məhrumam. Lakin bu roman haqqında öz fikirlərimi deməyə özümdə ehtiyac hiss edirəm. Əlbəttə, qısa bir məktubda bunu etmək çətindir. Hər halda, xalq demişkən: «lənət, heçə!»

Mən bu romanı iki dəfə diqqətlə oxumuşam: həm «Azərbaycan» jurnalında (1963, ¹7,8,9), həm də ayrıca kitab şəklində nəşr edildikdən sonra. İkinci oxu şübhəsiz ki, qəti rəyə gəlmək üçün idi. Onu da deməliyəm ki, hər iki dəfəki oxu mənə zövq vermiş, «bir nəfəsə oxumaq» həvəsimi söndürməmişdir, əksinə, ləzzət vermişdir. Əsərin nəyi mənə xoş gəlmişdir? Əvvələn, ideyası, yəni xalqlar dostluğunun yalnız təsviri və təbliği yox, həm də sözün həqiqi mənasında t ə r ə n n ü m ü! Şahlar-Mikola-Hayk dostluğu zərif nəğmələrlə işlənmiş əsil sovet dostluğu lövhəsidir. Bu dostluq hər cür qərəz, riya, təmənna və şəxsi mənafe güdməkdən xali olan billur qədər saf və parlaqdır. Bu dostluq şəxsi dostluq çərçivəsindən çıxmış, xalqlar və millətlər birliyini, mütəqabil hörmət və məhəbbəti, qarşılıqlı qardaşlıq köməyini əks etdirən yekdillik timsalıdır. Bu dostluq üç sovet əsgəri dostluğundan daha çox, partiyamızın proqramında deyildiyi kimi, millətlərin bir-birinə daha çox yaxınlaşması yolunu işıqlandıran qələm şüasıdır.

İkinci, Dostluq dar gündə gərəkdir. Ermənistanın Banazar kəndi kolxozçuları, Qartallı dərə kəndinin kolxozçuları, Mikola Yeremkonun yaratdığı emalatxana bu dostluğun gözəl dostları kimi əsərdə gözəl təsir yaradır. Bu dostluq gözəl sənətin sayəsində bədii eksponat kimi canlı və təsirlidir.

Üçüncü. Romanın məfkurəvi dəyərindən biri də oxuculara partiya və dövlətimizin kənd təsərüffatımızın intensiv inkişafı haqqındakı kənddə iş metodu, kadr, texnika, maldarlıq, mədəniyyət sahələri üzrə irəliləyiş mətləbidir. Bu çətin mətləbdir. Lakin Siz bunun da öhdəsindən gələ bilmisiniz. Dördünüc. Əsərinizin ilk vərəqindən son səhifəsinə kimi yenilik uğrunda, köhnəliyə qarşı mübarizə məsələsi səslənir. Bu məsələ yalnız bu romanda deyil, Sizin bütün yaradıcılığınız üçün xas olan əlamətdar cəhətdir. Mən deyərdim ki, məhz həmin sahədə nəinki Siz yalnız haqlısınız, həm də cəsarətli, uzaqgörən və kommunist yazıçısınız. «Ata baba» qaydalarını götürək.

Məgər «ata-baba qaydalarının» hamısı bu günə səs verirmi? Yox. «Böyük duran yerdə kiçik danışmaz», «Öz yerini bil», «yekə-yekə danışma» ifadələri feodal –burjua müstəqilliyinin qalığı kimi Sizin əsərlərinizdə çox yerli-yerində və kəsərli şəkildə tənqid edilmişdir. Sevdimalılar hələ də xalqımızın arasında köhnəliyin Don-Kixotu kimi meydan sulayırlar. Onların «xatirinə dəyməsək», yenilik beşikdə boğular.

Məhz buna görə də mən Sizə həm cəsarətli, həm də uzaqgörən deyirəm.

Beşinci. Romanın dili, kompozisiyası, vəsilələri yerli-yerində olduğu üçün şirin oxunur. Bir məktubda bunları faktlarla saymağı artıq bilərək yalnız onu deyə bilərəm ki, oxucu hadisələrin gedişi üçün həmişə intizarda olur. Hə də bu intizar və nigarançılıq əsərin hər bir yerində süni şəkildə düzəldilməmişdir.

Deyə bilərsiniz ki, dost kimi şirin sözlər deyirsiniz, lakin nöqsan və qüsurlar göstərmirsiniz… Haşa, mən belə «şirin dil» dostlardan deyiləm. Dost dosta ürək açıqlığı ilə bağlanır. «Dağlar arxasında üç dost» romanında Mikola-Marqo məhəbbətinin karikatura şəkilli sərgüzəşti, ana Gülnisənin cavanlıqda məhəbbətin acı dadını gördüyü halda, oğlu Şahlara ismətli Səlimənin məhəbbətinə dəlicəsinə mane olması; keçmişdə azadlıq mübarizəsində fəal iştirak etmiş Cülq kişinin hal-hazırda füsunkar bir qəsr təəssürü yaradan nəhəng binada şahanə bir həyat tərzində yaşaması, dəmdəməki Güləbətinin Qartallı dərə kəndindəki feldşer məntəqəsinə üç aylıq tibbi istehsalat təcrübəsinə göndərilməsi kimi hadisələrin təsviri bir oxucu olaraq məni heç cür inandırmadı. Səlimə də M.İbrahimovun «Böyük dayaq» romanındakı Maya kimi sevdiyimiz mütəxəssis, fəal, cəsarətli və ismətli qızdır. Lakin Səlimə kimi bir ağıllı qızın qış zamanı «bir köynək və bir şalvarda» 15-20 dəqiqə kənd yolunda qarı yara-yara qaçıb «fizzaryadka» etməsi, yaxud; Səlimənin heç bir səbəb və zərurət olmadığı halda, Bakıya ezamiyyətə gedərkən «saçlarını oğlansayağı» kəsdirməsi ağlabatan hərəkət hesab edilə bilməz. Əzizim, saç qadınlarımızın, qızlarımızın gözəlliyini artırır. Mənə elə gəlir ki, qızlar özləri təsdiq edərlər ki, saçın kəsilməsi gözəlliyin bir cəhətinin itirilməsidir. Son zamanlarda sovet mətbuatında bu barədə ciddi rəylərin olması yəqin ki, Sizə də məlumdur.

Mənə elə gəlir ki, bu səhvlər düzələ bilən məsələdir. Bu gözəl əsəriniz üçün sağ olun. Sizə cansağlığı və yaradıcılıq yolunuzda yeni-yeni müvəffəqiyyətlər arzu edirəm!

Hörmətlə, oxucu dostunuz Sədi Əfəndiyev. 7 may 1964.

Bakı şəh

   

© Musigi Dunyasi