Üzeyir Hacibəyov

 ƏZİZİM MÜSLÜM!

Sənə kağız yazmamağımın səbəbi başımın çox qarışıq olmasıdır; demək olar səhərdən gecə yarıya qədər işləyirəm: əvvəla, qarşıdakı imtahana hazırlaşır, ikincisi, operetta yazıram, bu operetta çox müvəffəqiyyətli olacaqdır, inşaallah vaxtında sənə göndərərəm. Zülfüqarın1 Şuşada verdiyi tamaşalara gəldikdə, şübhəsiz ki, buna mənfi münasibət bəsləyirəm; lakin iş burasındadır ki, Sarabskinin2Şuşaya getmək və mənə borclu olduqda məbləği çıxarmaq üçün tamaşa göstərmək təklifi haqqında Zülfüqar mənə yazmışdı, çünki o, heç bir yerdən pul tapa bilməzdi; həqiqətdə o pulu vaxtında almadım, məcbur olub teleqram vurduqdan sonra 100 manat aldım; bundan sonra Sarabskiyə kağız yazıb, mənə olan 400 manat borcundan heç olmazsa 200 manat göndərməsini xahiş etdim, lakin heç bir cavab almadım; pula böyük ehtiyacım olduğundan ciddi teleqram vurmalı oldum; bir neçə gündən sonra 100 manat aldım; indi yenə pul gözləyirəm. Lakin pul əvəzinə srağagün Şuşadan Sarabskidən və onun kompaniyasından belə bir teleqram aldım: —«içirik sənin sağlığına, «Əsli və Kərəm» müvəffəqiyyət qazanmışdır». Mən heç bir cavab vermədim, bilmirəm necə olacaq, bir də doğrusu o qədər məşğulam ki, kənar işlər barəsində düşünməyə vaxtım olmur.

Hər halda xüsusilə Şuşadakı tamaşalar bizi bir o qədər də narahat etməməlidir, ona görə ki, ehtiyac adamları mümkün olan hər vasitəyə əl atmağa məcbur edir.

Hələlik xudahafiz; məndən Məleykəyə, Badyuşa və Camula səmimi salam. Terequlovlar ailəsinə3 salam söylə.

7 avqust 1913-cü il SPb.
Sənin Üzeyrin


1. Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884—1950), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943) — bəstəkarın böyük qardaşı. Burada söhbət 1913-cü ildə Şuşada Azərbaycan operalarının tamaşasından gedir.
2. H. Sarabski (Rzayev) (1879—1945), Azərbaycan SSR xalq artisti (1932) — görkəmli aktyor, Azərbaycan musiqi teatrının təşkilatçılarından biri. H. Sarabski 30 ildən artıq bir müddət ərzində muğam operalarında, eləcə də musiqili komediyalarda baş rollarda çıxış etmişdir. Onun ən gözəl yaratdığı rol «Leyli və Məcnun» operasında Məcnun rolu olmuşdur.
3. Burada bəstəkar o dövrdəki opera truppasının aktyoru və xormeysteri Məmməd Hənəfi Terequlovun (bəstəkarın üç qaynından biridir) ailəsini nəzərdə tutur.

 

   

© Musigi Dunyasi