ƏZİZİM MÜSLÜM!
Bu gün necə olursa-olsun, sənə kağız
yazmağı qət etmişəm. Əvvəla,
təbriklər və pul üçün sənə
və hamınıza təşəkkür edirəm;
konservatoriyaya 126 man. 20 qəp. verdim, çünki
yanvardan daxil olanlar artıq verməlidirlər.
Bəli! Axır ki, konservatoriyanın tələbəsiyəm.
Mən harmoniya sinfinə, yə'ni məhz nəzəriyyəçilərin
qəbul olunduğu sinfə daxil olmuşam; əgər
fortepianoda yaxşı çala bilsəydim, kontrapunkt
sinfinə, yə'ni bir sinif yuxarı daxil ola bilərdim.
Lakin birdən-birə kontrapunkt sinfinə qəbul
olunmaq çox çətindir, mən elə bir adam
tanımıram ki, kontrapunkt sinfinə daxil olsun,
ən hazırlıqlı adamlara belə bir il harmoniya
sinfində oxumağı məsləhət görürlər.
Lakin mən buna da sevinirəm, çünki güman
etdiyimin əksinə olaraq, harmoniya sinfində tələbkarlıq
böyük, iş çoxdur, ümumiyyətlə
bütün bunlar əvvəlcə mənə asan
görünürdü, əslində isə qətiyyən
belə deyil, konservatoriyaya daxil olmaq çox çətindir.
Hazırda işim olduqca çoxdur: hər gün
Konservatoriyaya gedirəm: həftədə 2 dəfə
fortepianoya, 2 dəfə praktik harmoniyaya; özü
də hər dəfə cavab verməli olduğum
üçün hər bir dərsə hazırlaşmalıyam;
gündə 6—7—8 saat işləyirəm! Mayın
əvvəlində keçirmə imtahanlarıdır,
ona görə də gərgin çalışmaq
lazımdır! Bütün bu səbəblərə
görə bu il yeni bir şey yaza bilməmişəm,
başımın nə qədər qarışıq
olduğuna Məleykə şahiddir. Əgər
yeni bir şey yazsam, ancaq yayda yaza bilərəm;
ümid edirəm ki, bu il bir təhər yola verər
və əlavə qazanc xatirinə işdən ayrılmağıma
razı olmazsınız.
Bilmirəm, yayı necə və harada keçirim,
bu məsələ ona görə çətinlik
törədir ki, pianodan ayrıla bilmərəm,
bütün yayı çalmalıyam, lakin yaylaqda
piano nə gəzir? Bu məsələnin həllini
maya saxlamışıq, onda fikirləşərik.
Günlərimiz yekrəng keçir, doğrudur,
bə'zən simfonik konsertlərə gedirik, bu mənim
üçün vacibdir; bundan əlavə hər
şənbə günü konservatoriyada ən yaxşı
orkestrlərdən birini dinləyirəm, konservatoriyanın
tələbəsi kimi, ildə bir neçə dəfə
50 qəpiklik biletlə Mariinsk teatrına gedə
bilirəm; artıq bir dəfə gedib Vaqgerin «Loenqrin»
əsərinə baxmışam. Əsil teatr belə
olar! Buraya bilet tapmaq çox çətindir, yazıq
tələbələr bilet almaq üçün
bütün gecəni teatrın qapısı ağzında
növbə çəkməli olurlar. Sabah Məleykə
ilə birlikdə konservatoriyanın direktoru Qlazunovun
idarə etdiyi simfonik konsertə gedirəm.
Peterburqda yaşamağımıza baxmayaraq, hər
gün sobada kabab bişirib yeyirik, çox dadlı,
ləzzətlidir, həm də ucuz başa gəlir;
çünki restoran xörəkləri adamı var-yoxdan
çıxardır; həm pulun gedir, həm də
sağlamlığın; bir sözlə, artıq
tələbə kimi yaşamağı öyrənmişik;
bununla belə xərcimiz çox çıxır,
çünki burada hər addımda pul gedir, hətta
qonaq getdikdə belə yol xərcindən başqa,
qapıçıya da vermək lazımdır. Yaz
görüm, necəsiniz, nədənsə bizə
heç kəs kağız yazmır. Məktub gəlmədikdə,
Məleykə darıxır. Yazıq İmranın1
faciəli ölümü mənə çox pis
tə'sir elədi, heyif ondan.
Badyuşa və bizimkilərin hamısına salam,
Camulu öp, kağız yaz.
Sənin Üzeyrin.
7 fevral 1914-cü il SPb
1.İmran Qasımov — podratçı-inşaatçı,
həmin illər dəfələrlə
opera tamaşalarında aktyor kimi çıxış
etmişdir; Ə. Qarayev və Poluxin küçələrinin
tinində tikintisi başa çatdırılmış
binadan (keçmiş Əli Bayramov adına
qadınlar klubu) düşüb həlak
olmuşdur. |