Rəsul Rza

Təəccüb doğuran odur ki, Sokolov yoldaş nəyin bahasına olursa – olsun məni ləkələməyə çalışır. Rəsul Rzanın işə gec gəlməsi və işdən tez getməsi haqqında iddiası da görünür. R. Hüseynovun verdiyi məlumatlara əsaslanır. Məsələnin mahiyyətinə gəldikdə isə, birinci Sokolov yoldaş bilməlidir ki, baş redaktorun iş günü normalaşmış deyil. İkincisi, onu da yaxşı bilməlidir ki, ASE Baş redaksiyasındakı işimdən başqa mən xeyli ictimai vəzifə də daşıyıram: Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, APN-in respublika ictimai heyətinin sədri, Respublika Sülhü Müdafiə Komitəsinin sədr müavini, Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri, Terminaloqiya Komitəsinin üzvü, Sabir poeziya günləri Komitəsinin sədri, Böyük Sovet Ensiklopediyası Redaksiya Heyətinin üzvü, Azərbaycan KP MK –nın təftiş komissiyasının üzvü və i. a. Aydındır ki, bütün bu ictimai işlər üçün mən sutkanın 24 saatından vaxt ayırmalıyam, hətta istirahətimin və yuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq mən ensiklopediyanın baş redaktoru vəzifəsini işin tam həcmində icra edirəm.

Sokolov yoldaş yazır ki, mən 1970-75 –ci illərdə 18 kitabımı nəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki: Nə olsun? Amma işin həqiqi tərəfi odur ki, bu beş ildə mənim 18 yox, 9 kitabım çıxıb. (arayış əlavə edirəm). Deyəsən Sokolovun gözündə rəqəmlər ikiləşir. Yəni doğrudanmı Sokolov yoldaş elə hesab edir ki, mənim kolleqalarım – şairlər M.Bajan, P . Brovka, İ. Abaşidze –Ukrayna, Belarusiya və Gürcüstan ensiklopediyalarının baş redaktorları olandan bəri şer yazmır və kitab nəşr etdirmirlər?


 

   

© Musigi Dunyasi