Rəsul Rza

Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanların çoxu bu institutun ancaq "yaradıcılıq" institutu olduğunu zənn edir, həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqa dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyat və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur.

Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünü genişləndirmək üçün təmkinlə hər cürə zəhmətə və məhrumiyyətə qatlaşan tələbələr də var...

Əgər doğrudan da, "obrazovannı" adam olmaq, ali savad almaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaq istənilirsə, əlbəttə, bu institutda da bunlar mümkündür. Burada ədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir.

Yaxşı cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz və nəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər.

Universitetin də qəbul kağızını sənə göndərirəm. Burda bütün şöbələr haqqında məlumat var. Görürsən ki, burda da dil məsələsinə çox fikir verilir.

Humanitar elmlər köhnə binada, dəqiq elmlər... yeni binada, Leninskie Qondadır. İlk nəzərdə əhəmiyyətsiz və sadə görünən bu fakt heç də təsadüfi deyildir.

Hər cəhətdən Lenin təpələrindəki binada olan fakültələr daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələr müəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdən sənət versə də, əslində nisbətən az şey verir. Özün düşün, xüsusi təhsil görməmiş redaktor, yazıçı, tərcüməçi, hətta tarixçi və filosof belə nə qədər istəsən var, ancaq xüsusi təhsil görməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğul olan adam mində bir olur. Demək istəyirəm ki, "toçniye nauki" daha elmi, daha konkret və daha geniş məlumat verir. Bu fakültələri qurtaran adam üçün böyük Sovet Ittifaqının hər yerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərin tətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bu kimi şeylərlə çox bağlıdır.

Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır. Indi fizikanın açdığı yeni sahələr təsəvvürə sığmayan bir dərəcədə geniş və romantikdir. Bu yaxınlarda "Prıvda"da akademik (adı yadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcı maşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlir ki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenə də bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında, yazmaq bacanğın və bacarmadığın haqqında getmir. Mən sənin oxuduğum şeylərinə əsasən deyə bilərəm ki, sənin əsl ciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur. Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyat təcrübələri Üə zənginləşsə, yaxşı nəticələr verəcəkdir. Ancaq bunu da unutma ki, sən bir geoloq, birhəkim, bir fizik olsa, bu, sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüm əlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütün bu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir.

Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunları belə mühüm bir zamanda sənə deməyi borc bilirəm.


 

   

© Musigi Dunyasi