Əziz dostum İlyas!
Salam!
Səhiyyə nazirinin müavini
Cavadov Rizvan aprel ayının ortalarında tibb işçiləri
həmkarlar ittifaqının respublika komitəsi ilə
Səhiyyə nazirliyinin kollegiyasında /birgə iclasında/
Sabirabad rayonunun hərbi çağırış komissiyasında
iştirak edən bir sıra həkimləri, o cümlədən
məni də, 1960-cı ilin payızında ordu sıralarına
əsgər çağırışı zamanı yarıtmaz
işlədiklərinə görə bərk tənqid
etmişdir. Mənim adımın ümumiyyətlə
çəkilməsi bir anlaşılmazlıq nəticəsidir.
Çünki mən 1959-cu ilin fevral ayından bəri
heç bir hərbi komissiyada iştirak etmirəm. 1959-cu
ilin fevral ayında rayonumuzun baş həkimi Nəsirovun
rəsmi surətdə cinayətkar hərəkətlərinə
görə ifşa edəndən bəri hərbi komissiyada
iştirak etmirəm.Mən bu hadisədən sonra onun
baş həkim olduğu komissiyada bir daha iştirak edə
bilməzdim. Qan qaralığından başqa heç
nə çıxmazdı. Bəli, dəqiqə başı
höcəşməli olacaqdıq… Deməli, hərbi
komissiyada iştirak eləmədiyim halda mənim adımın
pisliyə çəkilməsi həmin Nəsirovun fitvası
ilə olmuşdur.O, Cavadovu aldadaraq inandırmışdır
ki, güya mən də komissiyada iştirak edirəm,
pis işləyənin biri də mənəm! Cavadovda
beləliklə mənim barəmdə əsassız olaraq
pis fikir yaranmışdır.Nəsirov bunları əndən
intiqam almaq məqsədilə eləmişdir.
Cavadov da onun yağlı dilinə
yoxlayıb eləmədən inanmışdır. Ona
görə də mən istərdim ki, Cavadov mənim
barədə bədxah fikirdə olmasın, həqiqəti
bilsin. Axı mən bu yaxınlarda nazirlikdə olacaq
həkim attestasiyasından keçmək istəyirəm.
Ehtiyat eləyirəm ki, bu bədxah fikir mənim işimə
pis təsir etsin, deməli, qüsursuz işlədiyimə
görə verilməli olacaq faizdən məni məhrum
eləsin. Yoxsa Cavadov məni haqlı, ya haqsız tənqid
eləməyinin mənim üçün heç bir əhəmiyyəti
yoxdur!Yalnız sənə yazmaqda bir məqsədim də
odur ki, nə üçün Cavadov mənim barəmdə
başqasının bədxahlığına görə
pis rəydə olsun! İndi sən bu məktubu oxuyursan,
lazım bildiyin kimi də hərəkət edərsən.
Bəlkə də Cavadova bu barədə heç nə
demək lazım deyil? Bunları sən məndən
yaxşı bilərsən!
Ayın axırlarında yenə
görüşəcəyik. Burda bir-iki gündür
ki, havalar yaman qızıb, çox istidir.
Məndən Elçinə, Teymura,
Nənəyə, Mustafaya, Tofiqə çox-çox salam.
Sənin dostun Əli.14/5 1961
il.