İlyas Əfəndiyev

Açıq məktub.

(«Söyüdlü arx» romanının müəllifi İ.Əfəndiyevə).

Xəstəxanada gözləniləz hadisələrin çox olmasından bir az incimiş kimi idim. Oxumağa maraqlı bir şey axtarırdım. Axı maraqlı və bədii cəhətdən qüvvətli yazılan əsər oxumaq nəinki yorğunluğu, hətta şirin yuxunu belə yaddan çıxarır. Mən həmin gecə «Azərbaycan» jurnalının 10-cu nömrəsini nəzərdən keçirdərkən gəlib sizin «Söyüdlü arx»ın üzərində durdum. Burada böyük bir şəhərdən çıxıb uzaq kəndə işləməyə gəlmək üçün təyinat kağızı almış kimsəsiz bir qızın taleyi mənim fikrimi o qədər cəlb etmişdi ki, heç bir şeylə maraqlanmaq istəmirdim. Nuriyyə xanımın taleyi məni son dərəcə narahat edirdi… Jurnalın həmin nömrəsində verilmiş parçanı oxudum və sovet məktəbində dərs almış bu cür əxlaqlı bir qızın öz peşəsinə axıra qədər nə cür münasibət bəsləməsi məni düşündürməyə başladı. Mən heç də yanılmadım. Çünki, Nuriyyə az müddət içərisində kənd həyatına alışmış, adamları tanımış və öz gözəl sənətilə zəhmətkeş kolxozçuların hüsni-rəğbətini qazanmışdır.

Nuriyyə özünə layiq ailə həyatı qurub, gözəl bir oğlanla birləşdiyi kimi, biri-birindən ayrı düşmüş iki kəndin adamları da öz qüvvələrilə «Söyüdlü arxdan» «Güney qışlağa» su çəkib öz arzularına qovuşdular. Onlar Nuriyyə xanımın yetişdirdiyi artistlərlə fəxr etməyə haqlıdırlar. Əvvəllər orada söz gəzdirən mi-Cimilər indi hər iki kəndin fəxridirlər.Qoy əsəriniz haqqında ədəbiyyatçılar rəy versin. Sizin bu əsərinizlə aydın olur ki, siz qiymətli əsərlər yaza bilərsiniz.

Hörətli Əfəndiyev! Masallı rayonunun Ədjivan kəndindən sizə bu məktubu yazmaqda məqsədim odur ki, bizim rayon haqqında da bir düşünəsiniz.

Kəndimizdə gözəl və həm də qüvvətli bir ziyalı dəstəsi vardır.Masallı rayon müəllimlərinin təxminən 20%-ni kəndimizin müəllimləri verir. Hansı bir sənətkar axtarısansa, onu Ədjivan kəndində tapa bilərsən. Ali məktəblərdə və orta ixtisas məktəblərində kəndimizin çoxluca gənci təhsil alır. Sözün qısası kəndimiz başdan-başa ixtisaslı mütəxəssislərlə doludur.

Ədjivandakı Orta məktəbdə ordenli bir müəllim kənddən çıxan bütün savadlı yoldaşlara dərs demişdir. Dövlətimiz onun işinə böyük qiymət verdiyi kimi, xalqımız da ona böyük hörmət bəsləyir. Məgər bu qocaman müəllim haqqında gözəl bir əsər yazaq olmazmı.

Hörmətlə, Fərman Əliyev.

Masallı r-n səhiyyə şöbəsinin əməkdaşı.

   

© Musigi Dunyasi