Axundov İsmayıl Hüseyn
oğlu
1907-ci
il aprelin 15-də Bakının Maştağa
kəndində anadan olmuşdur. O, 1921-ci ildə
kənd məktəbini bitirib Bakı Pedaqoji
texnikumuna daxil olmuş, 1924-cü ildən
isə eyni zamanda rəssamlıq məktəbində
oxumuşdur.
İ. Axundov 1928-ci ildə Azərbaycan Dövlət
Rəssamlıq məktəbini bitirdikdək
sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat
fakultəsinə daxil olmuşdur. 1932-ci ildə
o Bakıya qayıtmış, Azərbaycan
Dövlət Nəşriyyatın qrafika bürosuna
rəhbərlik etməyə başlamışdır.
Bu illər ərzində kitab qrafikası sahəsində
işləyərək Azərbaycan ədəbiyyatı
klassiklərinin bir sıra əsərlərinə
tərtibat və illüstrasiyalar vermişdir.
İ. Axundov 1937-ci ildən 1940-cı lə
qədər Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinin direktoru, 1940-cı ildən
Nizami adına Ədəbiyyət Muzeyinin direktoru
və baş rəssamı olmuşdur.
İ. Axundov teatr-dekorasiya sahəsində özünü
istedadlı tərtibatçı rəssamı
kimi tanıtmışdır. O, 1937-ci ildən
M. Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Dam teatrında və respublikanın
başqa teatrlarında işləmiş, bir
sıra tamaşalara tərtibat vermişdir.
C. Cabbarlının «Yaşar» (1932 - 1933), M.
F. Axundovun «Hacı Qara» (1938), S. Vurğunun
«Vaqif» (1938), A. N. Ostrovskinin «Günahsız
müqəssirlər» (1943), İ. Axundovun
ən yaxşı işlərindəndir.
O, siyasi plakat sahəsində də geniş
fəaliyyət göstərmiş, xüsusilə
Böyük Vətən müharibəsi illərində
«Agit-pəncərə» üçün 100-dən
artıq antifaşist plakat çəkmişdir.
İ. Axundov 1952-ci ildən satirik «Kirpi» jurnalında
əməkdaşlıq etmişdir.
1960-ci illər İ. Axundovun yaradıcılığı
üçün daha məhsuldar olmuşdur.
O bu illərdə N. Hikmətin «Şöhrət
və ya unudulan adam» (1960), S. Rəhmanın
«Əliqulu evlənir» (1961), M. Hüseynin «Alov»
(1963), C. Cabbarlının «Oqtay Eloğlu» (1966),
M. F. Axundovun «Musyo Jordan və dərviş
Məstəli şah» (1969) tamaşalarına
geyim eskizləri çəkmiş və səhnə
tərtibatı vermişdir.
İ. Axudov Ümumittiaq Kənd Təsərrüfatı
Sərkisində Azərbaycan SSR pavilyonunun
baş rəssamı olmuşdur. Bir sıra
yubiley sərgilərinin bədii tərtibatı
da İ. Axundova təpşırılmışdır.
Təsviri incəsənət sahəsindəki
xidmətlərinə görə ona Azərbaycan
SSR əməkdar incəsənət xadimi
(1940), SSRİ Dövlət mükafatı
layreatı (1944), Azərbaycan SSR xalq rəssamı
kimi (1960) fəxri adlar verilmiş, «Şərəf
nişanı» və Qırmızı əmək
Bayrağı ordeni ilə (1967) təltif olunmuşdur.
O, bir neçə il Azərbaycan Rəssamlar
İttifaqının sədri və məsul
katibi vəzifəsində çalışmış,
Bakı şəhər sovetinin, Azərbaycan
SSR Ali Sovetinin deputatı olmuşdur.
İ. Axundov 1969-cu il sentyabr ayının 13-də
Bakı şəhərində vəfat etmişdir.