Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Rəssamlar



 


Şərifzadə Sadıq Hüseyn oğlu

Azərbaycan SSR əməkdar incəsənət xadimi, rəsam – Sadıq Şərifzadə Azəbaycan Sovet təsviri incəsənət ustalarının arasında xüsusi yer tutur.

Sadıq Şərifzadə 1912-ci il dekabr ayının 5-də Cənubi Azərbaycanda anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra, 1936-cı ildə Kiyev rəssamlıq institutuna daxil olur və burada o, məşhur Ukrayna rəssamları Volokdni, Traximenko və Qriqoryevin tələbəsi olur.

1939-cu ildə Şərifzadə öz xahişi ilə Surikov adına Moskva Rəssamlıq İnstitutuna köçürülür.

1940-cı ildə Şərifzadə institutun 5-ci kursundan Bakıya qayıdır və yaradıcılıq ilə məşğul olur.

1940-1958-ci illər ərəfəsində rəssam bir sıra tarixi və müasir mövsularda rəsm əsərləri yaradır. Şərifzadənin «Üzüm yığımı», «Səttar xan Fədailərinin Təbrizi müdafiəsi», Sosialist Əməyi qəhrəmanı neftçi – Ağa Neymətullanın, Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun, sərkərdə Babəkin, SSRİ Xalq artisti Mirzə Ağa Əliyevin portreti, «Göy-göl» mənzərəsi, «Dənizdə neft buruqları», «Xətib Təbrizi və Əbülüla Müərri» və bir sıra xalqın qaynar həyatını təbliğ edən əsərlər yaradır.

S. Şərifzadə respublikamızda təkçə boyakar rəsam kimi deyil, o, həm də istedadlı bir teatr rəssamı kimi tanınmışdır. Rəsam hələ texnikuma girməmişdən əvvəl görkəmli teatr xadimləridən Abbas Mirzə Şərifzadə, Kazım Ziya, A. A. Tuqanov və başqaları ilə birlikdə işləmiş və onlardan teatr sənətinin incəliklərini öyrənmişdir. Şərifzadənin bədii tərtibtini verdiyi A. Şaiqin «Fitnə», S. Rüstəmin «Qaçaq Nəbi», «Qastello», M. Hüseynin «Cavanşir», Lope de Veqanın «Sevilya ulduzu», İ. Səfərlinin «Göz həkimi», İ. Qurbakovun «Əcəb işə düşdük», İ. İbrahimovun «Kəndçi qızı» və b. tamaşaçılarda orijinal bir fikir yaradır.

1958-ci ildə rəssam XYI əsrdə yaşamış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin obrazını yaradır və bu tabloya görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyat və İncəsənət ongünlüyündə nümayış etdirir və elə həmin ildə ona Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət xadimi adı verilmişdir.

S. Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi