Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Elm xadimləri



 


Axundov Nazim Fərrux oğlu

 

(1924 - 1994)

1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim-həkim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Mir-Bəşir rayonunun Qazax kəndində almışdır.

1937-ci ildə Bakı Xalq Maarif şöbəsinin pedaqoji məktəbinə daxil olan N. Axundov 1940-cı ildə oranı bitirir. N. Axundov 1940 – 1944-cü illrdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji institutunun qiyabi şöbəsində oxuyur.

1945-ci ildə isə həmin institutun aspiranturasına daxil olur.

1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N. Axundov «Molla Nəsrəddin» jurnalının nəşri tarixinə aid tədqiqlər» mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır.

N. Axundov 1948 – 1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953 – 1956-cı illərdə isə H. Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun direktoru olmuşdur.

N. Axundov 1953-cü ildə Elmi- Tədqiqat Pedaqogika institutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan Elmlər Akademiyası elmi kitabxanasının direktoru vəzifəsində çalışmışdır.

1961-ci ilin iyunundan N. Axundov, Nizami adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri işləmişdir.

1971-ci ildən N. Axundov «XX əsr Azərbaycan ədəbiyyatı» şöbəsində baş elmi işçi vəzifəsini daşıyır.

N. Axundov 1966-cı ildə «Azərbaycan satira jurnalları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.


N. Axundov respublikanın görkəmli biblioqraflarındandar. Onun 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqalələri, broşüra və kitabları nəşr olunmuşdur. Onlardan «Molla Nəsrəddin» jurnalının nəşri tarixi (1959), «Azərbaycan satira jurnalları» (1968) adlı monoqrafiyaları, «M. Ə. Sabir» (1959), «Cəfər Cabbarlı» (1964), «Azərbaycan dövri mətbuatı» (1965), «Səməd Vurğun» (1965) biblioqrafiyalarını göstərmək olar.

N. Axundov bir çox kitabların tərtibatçısı, kommentariya və biblioqrafiyalarının müəllifidir.

1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi