Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Elm xadimləri



 


Hüseynov Heydər Nəcəf oğlu

(1908 - 1950)

– akademik, fəlsəfə elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının vitse prezidenti (1908-1950).

H. Hüseynov 1908-ci il aprelin 3-də Yerevan şəhərində anadan olmuşdur. Bir yaşında atasını itirmiş, böyük qardaşının və anasının himayəsi altında böyümüşdür.

O, 1920-24-cü illərdə Bakı şəhərindəki 2 dərəcəli 18¹-li Şura məktəbində oxumuşdur. 1924-cü ildə Bakı pedaqoji Texnikumuna daxil olmuş, 1927-ci ildə oranı bitirmişdir. Texnikumu bitirdikdən sonra bir neçə il müəllimlik etmişdir. 1927-28-ci tədris ilində Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakultəsininə daxil olmuş və 1931-ci ildə həmin institutu bitirmişdir.

Ali təhsil aldıqdan sonra 1931-1932-ci illərdə Azərbaycan Dövlət Elmi tədqiqat İnstitutunun fəlsəfə şöbəsində aspiranturaya qəbul edilmişdir.

O, 1935-ci ildə «Dialektik materializm» adlı ilk fəlsəfi kitabını yazmışdır. H. Hüseynov pedaqoji fəaliyyətlə elmi tədqiqat işini müvəffəqiyyətlə bir-biri ilə əlaqədəndirirdi. 1936-40-cı ildə Azərbaycan Xalq Komissarları Soveti yanında təşkil edilmiş Azərbaycan Sovet ensiklopediya komitəsində, daha sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunda direktor işlərkən H. Hüseynovun elmi-tədqiqat və elmi təşkilatçılıq bacarığı meydana çıxmışdır.

1939-40-cı illərdə onun rəhbərliyi altında bir neçə lüğət («Rusca-Azərbaycanca lüğət», «Rusca-Azərbaycanca məktəb lüğəti», «Azərbaycanca-Rusca izahlı lüğət») hazırlanmışdır.

H. Hüseynov 1939-cu ildə «M. F. Axundovun fəlsəfi görüşləri» əsərini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

1940-cı ildə kadrların hazırlanması sahəsində göstərdiyi xidmətlərə görə «Şərəf nişanı» ordeni ilə və 1941-ci ildə «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur.

O, 1940-45-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında sədr müavini işləmişdir.

H. Hüseynovun fəlsəfə elmi sahəsində xidməti çox böyük olmuşdur. O, respublika ali məktəblərində fəlsəfə tədrisinə, fəlsəfə sahəsində elmi-tədqiqatın genişlənməsinə, Azərbaycanda fəlsəfi və ictimai fikir tərixinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

1944-cu ildə «Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən» (XIX əsr) əsərinə görə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1945-ci ilin mart ayında təşkil edilmiş Azərbaycan SSR Elmlər Akademiyasının ilk akademikləri sırasına daxil olan H. Hüseynov uzun zaman akademiyanın prezident müavini və ictimai elmlər şöbəsinin sədri vəzifələrində işləmişdir. O, 1945-ci ildən Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

1949-cu ildə H. Hüseynovun «XIX əsrdə Azərbaycanda ictimai və fəlsəf fikir tarixindən» adlı kitabı çapdan çıxmışdır.

H. Hüseynov 1950-ci il avqustun 15-də vəfat tmişdir.

   

© Musigi Dunyasi