Zamanov Abbas Fəttah oğlu
(1911) – ədəbiyyatşünas,
tənqidçi, filologiya elmləri doktoru, professor
olmuşdur.
Azərbaycan ədəbiyyatşünaslığının
inkişafında A. Zamanovun xüsusi xidmətləri
vardır. O, tərcübəli pedaqoq, görkəmli
ədəbiyyatşünas – tənqidçi
və tədqiqatçı – alim kimi tanınır.
A. Zamanov 1911-ci ildə Naxçıvanda Maxta
kəndində anadan olmuşdur. A. Zamanov 1926-cı
ildə Bakı pedaqoji texnikumuna qəbul olunmuş
və oranı 1929-cu ildə bitirmişdir.
O, 1929-1933-cü illərdə Astraxanbazar,
Əli Bayramlı rayonları, Kirovabad və
Bakı şəhərlərində Komsomol
təşkilatlarında müxtəlif vəzifələrdə
çalışmışdır. 1933-1935-ci
illərdə «Gənc işçi» qəzeti
məsul redaktorunun müavini olmuşdur. 1935-ci
ildə yenidən Naxçıvana komsomol işinə
göndərilmiş, iki il orada çalışmışdır.
A. Zamanov 1937 – 1939-cu illərdə «Ədəbiyyat
qəzeti»-nin məsul katibi, 1939 – 1941-ci illərdə
əvvəlcə M. Maqomayev adına Azərbaycan
Dövlət filarmoniyasının, sonra isə
M. F. Axundov adına Azərbaycan Dövlət
opera və Balet teatrının direktoru vəzifələrində
işləmişdir. O, eyni zamanda. Azərbaycan
Dövlət Qiyabi Pedaqoji institutunda öz
təhsilini davam etdirib filologiya fakultəsini
bitirmişdir.
1948 – 1960-cı illərdə Azərbaycan
Dövlət Universitetində dərs demişdir.
O, səkkiz ilə yaxın Azərbaycan EA
Nizami adına Ədəbiyyat İnstitutunda
elmi işçi kimi çalışmış,
1968 – 1971-ci illərdə Nizami adına Azərbaycan
Dövlət Ədəbiyyat muzeyinə başçılıq
etmişdir. 1971-ci ildən Azərbaycan Dövlət
Universiteti sovet ədəbiyyatı kafedrasının
müdiri olmuşdur.
1930-cu illərdən elmi fəaliyyətə
başlayan A. Zamanov bu sahədə səmərəli
və əhəmiyyətli işlər görmüşdür.
O, Böyük Vətən müharibəsi
illərində sovet əsgərlərinin
vətənpərvərlik və döyüş
əzmini əks etdirən bir sıra maraqla
oçerklər yazmışdır. Bu oçerklər
həmin illərdə müxtəlif qəzet,
jurnal və kitablarda dərc olunmuşdur.
1950-ci illərdən sonra A. Zamanov klassik yazıçılarımızın
yaradıcılığının öyrənilməsi
və təbliği, əsərlərinin
toplanması və nəşri məsələləri
ilə ciddi məşğul olmuş, özünü
bacarıqlı tədqiqatçı kimi göstərmişdir.
S. S. Axundov, Ə. Haqverdiyev, M. Ə. Sabir,
C. Məmmədquluzadə, S. Hüseyn, S. M.
Qənizadə və başqalarının
əsərlərinin toplanıb nəşr
olunmasında onun böyük xidmətləri
vardır. «Sabir və müasirləri» mövzusu
alimin tədqiqatında xüsusi mərhələ
təşkil edir. Bu mövzu üzrə o,
1965-ci ildə filologiya elmləri namizədi
alimlik dərəcəsi almaq üçün
dissertasiya müdafiə etmiş və Azərbaycn
SSR EA Elmi Şurasının qərarı
ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi
verilmişdir.
A. Zamanov yüzdən çox elmi məqalə,
resenziya və monoqrafiyanın müəllifidir.
Onun bir sıra məqalələri müxtəlif
xarici dillərdə çap olunmuşdur.
A. Zamanov 1941-ci ildən Sov. İEP-nın üzvüdür.
O, bir sıra medallarla təltif edilmişdir.
Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda
vəfat etmişdir.