Rüstəmov Səid Əli
oğlu
(12.5.1907,
Erivan – 10.6.1983, Bakı)–Azərbaycan bəstəkarı,
dirijor, pedaqoq. Azərbaycan xalq artisti (1957).
Azərbaycan Dövlət mükafatı laureatı
(1951).
Bakı musiqi məktəbini (1930; tar üzrə
Ü. Hacıbəyov və M. Mənsurovdan
dərs almışdır) və Azərbaycan
Pedaqoji İnstitutunu (1932) bitirmişdir.
Rüstəmovun yaradıcılığı
Azərbaycan musiqi folkloru ilə sıx bağlıdır.
Rüstəmov muğam formalarından, aşıq
musiqisi, xalq mahnı və rəqslərindən,
müasir kütləvi mahnı janrlarından
istifadə etmiş, özünəməxsus
musiqi dili yaratmışdır.
Mahnı janrı yaradıcılığında
əhəmiyyətli yer tutmuşdur. Onun lirik,
əmək, sülh və vətənpərvərlik
mövzularında bəstələdiyi «Alagöz»,
«Qurban adına», «Şeir deyilmi», «Gəlmədin»,
«Sürəyya», «Həkim qız», «Mən
sülhə səs verirəm», «İrəli»,
«Cəbhəyə» və s. mahnıları
geniş şöhrət qazanmışdır.
Rüstəmov müasir mövzuda yazılmış
ilk Azərbaycan musiqili komediyası– «Beş
manatlıq gəlin» (1939), eləcə də
«Durna» (1947) və «Rəisin arvadı» (1961)
musiqili komediyalarının müəllifidir.
1930-cu illərdə Azərbaycan musiqi folklorunun
toplanmasında fəal iştirak etmişdir
(«Aşıq mahnıları», 4 məcmuədə,
B., 1938; «100 Azərbaycan xalq mahnısı»,
B., 1967; və s.).
1931 ildən Azərbaycan Xalq Çalğı
Alətləri Orkestrinin konsertmeysteri, 1935–73
illərdə orkestrin baş dirijoru və
bədii rəhbəri olmuş, bu orkestr üçün
bir sıra əsərlər yazmışdır
(«Bayatı-kürd fantaziyası», «Azərbaycan»
süitası və s.). Hal-hazırda həmin
orkestr Səid Rüstəmovun adını
daşıyır.
Rüstəmov 1929 ildən pedaqoji fəaliyyət
göstərmişdir (1973 ildən professor).
Rüstəmov «Tar məktəbi»nin (1935, 8-ci
nəşri 1983), «Tar üçün etüdlər»in
(1950), tar ilə xalq çalğı alətləri
orkestri üçün konsertin, kantataların
müəllifidir.
1949–53 illərdə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri olmuşdur.