Əmirov Fikrət Məşədi
Cəmil oğlu
(1922—1984)—
bəstəkar. Azərbaycan xalq artisti (1958),
SSRİ xalq artisti (1965). Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü (1980).
SSRİ (1949, 1980) və Azərbaycan (1974)
Dövlət mükafatları laureatı.
Azərbaycan Dövlət Konservatoriyasını
bitirmişdir (1948).
Ü.Hacıbəyovun novatorluq yolu və estetik
prinsiplərinə əsaslanan Əmirov Şərq
və Qərb musiqi mədəniyyətlərinin
qarşılıqlı təsirinin inkişafı
prosesinə böyük xidmət göstərmiş,
şifahi ənənəyə malik Azərbaycan
musiqisinin lad-intonasiya və kompozisiya quruluşunun
yeni imkanlarını aşkara çıxarmışdır.
"Sevil" operasının (1953), "Ürəkçalanlar"
(1944), "Gözün aydın" (1946) musiqili komediyalarının,
"Nəsimi dastanı" (1973), "Min bir gecə"
(1979), "Nizami" (1984) baletlərinin müəllifidir.
Bu illərdə Əmirov skripka, fortepiano və
simfonik orkestr üçün ikiqat konsert (1946),
fortepiano ilə xalq çalğı alətləri
orkestri üçün konsert (1947, A. Babayevlə)
yazaraq Azərbaycan musiqisində simfonik musiqinin
əsasını qoyanlardan biri olmuşdur.
Əmirovun "Nizami" simfoniyası, "Şur", "Kürd-Ovşarı",
"Gülüstan—Bayatı-Şiraz" simfonik muğamları
onun yaradıcılığında mühüm
mərhələ təşkil edir. O, "Azərbaycan"
süitası, "Simfonik rəqslər", "Azərbaycan
qravürləri", fortepiano üçün
"12 miniatür", uşaq pyesləri, skripka ilə
fortepiano üçün sonata, romans, mahnı
və s. əsərlər bəstələmişdir.