Niyazi (Tağızadə-Hacıbəyov
Zülfüqar oğlu)
(20.8.1912,
Tiflis – 1984, Bakı)– Azərbaycan dirijoru, SSRİ
xalq artisti, bəstəkar, ictimai xadim. Azərbaycan
xalq artisti (1959). Sosialist Əməyi Qəhrəmanı
(1982). Dirijorların Ümumittifaq baxışının
laureatı (1946). SSRİ Dövlət mükafatı
laureatı (1951, 1952). Ü. Hacıbəyov
ad. Azərbaycan Dövlət mükafatı
laureatı (1967). Azərbaycan Lenin komsomolu
mükafatı laureatı (1972). Beynəlxalq
Nehru mükafatı laureatıdır (1974).
Niyazi 1926-31 illərdə Qnesinlər ad. Musiqi
Texnikumunda (Moskva), 1933-34 illərdə Azərbaycan
Dövlət Konservatoriyasının aspiranturasında
oxumuşdur.
Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin
təşkilində fəal iştirak etmişdir;
1938 ildən (fasilələrlə) orkestrin
bədii rəhbəri və baş dirijoru
olmuşdur. Niyazinin ifaçılıq fəaliyyəti,
həmçinin Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı ilə bağlıdır.
O, teatrın dirijoru (1937-48; 1951-52), direktoru,
bədii rəhbəri və baş dirijoru
(1958-59; 1961-65), 1961 ildə isə Leninqrad
Opera va Balet Teatrının baş dirijoru olmuşdur.
1979 ildən Azərbaycan Dövlət Filarmoniyasının
direktoru olub.
Azərbaycan milli dirijorluq məktəbinin
formalaşması, inkişafı Niyazinin adı
ilə bağlıdır. Niyazi Azərbaycan
bəstəkarlarının bir çox simfonik
və musiqili səhnə əsərlərinin,
kantata və oratoriyalarının ilk ifaçısı
olmuş, bu əsərlərin şərh
edilməsində özünə məxsus
orijinal ifaçılıq üslubu yaratmışdır.
Onun traktovkasında milli bəstəkarların
bir çox əsəri, o cümlədən
Ü. Hacıbəyovun «Koroğlu» operası
dünya musiqisinin qızıl fonduna daxildir.
Niyazi 1961 ildə Leninqrad Opera və Balet Teatrında
A. Məlikovun «Məhəbbət əfsanəsi»
baletinin ilk tamaşasını hazırlamışdır.
O, burada «Yatmış gözəl» (R. Çaykovski)
və «Daş çiçək» (S. Prokofyev)
baletlərinin yeni quruluşuna dirijorluq etmiş,
həmin baletlərlə «Qrand-Opera» (Paris)
və «Kovent Qarden» (London) teatrlarında qastrol
tamaşaları vermişdir (1961). Niyazi həmçinin
Ankara Opera və Balet Teatrında «Yevgeni Onegin»,
«Qaratoxmaq qadın» (P. Çaykovski), «Aida» (C.
Verdi) operalarına, İstambul opera teatrında
türk bəstəkarı Ə. Sayqunun «Koroğlu»
operasının ilk tamaşasına və
«Yunus İmrə» oratoriyasına dirijorluq etmişdir.
Niyazi milli simfonizmin təşəkkülü
və inkişafında əhəmiyyətli
rol oynamışdır. Onun «Rast» (1949) simfonik
muğamı müəllifin idarəsilə
bir çox xarici ölkədə səslənmiş,
qrammofon valına yazılmışdır.
Nizaminin eyniadlı poemasının motivləri
üzrə yazdığı «Xosrov və
Şirin» (1942) operasının, R. Taqorun «Çitranqoda»
fəlsəfi dramı üzrə yazdığı
«Çitra» baletinin (1961, Kuybışev Opera
və Balet Teatrı; 2-ci redaksiyası 1972,
Azərbaycan Opera və Balet Teatrı; 3-cü
redaksiyası, 1975) müəllifidir. Niyazi
«Zaqatala süitası» (1934), «Ləzgihəngi»
(1939), «Konsert valsı» (1954) və s. simfonik
əsərlərin, ikihissəli proqramlı
«Qəhrəmani simfoniya»nın (1944), fortepiano
ilə orkestr üçün konsertin (1945),
bir çox mahnıların («Vətən haqqında
mahnı», «Təbrizim», «Arzu», və s.), dram
tamaşalarına, kinofilmlərə musiqinin
müəllifidir.