Quliyev Tofiq Ələkbər
oğlu
(7.11.1917,
Bakı – 2000, Bakı) – Azərbaycan bəstəkarı,
musiqi xadimi. Azərbaycan xalq artisti (1964). Azərbaycan
əməkdar incəsənət xadimi (1958).
1957 ildən Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Heyətinin üzvü,
1968 ildən katibi, 1973 ildən birinci katibi,
1990-cı ildən ömrünün sonuna
kimi sədri olmuşdur.
Tofiq Quliyev Azərbaycan Dövlət Konservatoriyasında
təhsil almış (1934 - 36), Moskva Konservatoriyasını
(1951, bəstəkarlıq üzrə Y. Qolubevin,
dirijorluq üzrə L. Ginzburqun siniflərini)
və onun aspiranturasını bitirmişdir
(1954). 1954 – 58 illərdə Azərbaycan Dövlət
Konservatoriyasında orkestr sinfinə rəhbərlik
etmişdir. 1961 – 64 illərdə Azərbaycan
Dövlət Filarmoniyasının direktoru
(1968 – 69 illərdə bədii rəhbəri)
olmuşdur. Quliyev Azərbaycan estrada musiqisinin
yaradıcılarındandır.
Azərbaycan xalq musiqisi ənənələrindən
faydalanan Quliyevin mahnıları kütləvi
mahnı janrının gözəl nümunələridir.
Quliyevin musiqi dili sadə, aydın və milli
koloritlidir. Böyük Vətən müharibəsi
illərində («Öldü var, döndü
yoxdur») və sonrakı dövrdə yazdığı
mahnılarda («Neftçilər mahnısı»,
«Qızıl sünbül», «Azərbaycan»
və s.) Vətənə məhəbbət
hissləri, zəhmət adamları tərənnüm
olunur. Yaradıcılığında lirik
mahnılar («Sənə də qalmaz», «İlk
bahar», «Sevgilim», «Sən mənim, mən sənin»,
«Axşam görüşlərinə», «Bəxtəvər
oldum» və s.) əsas yer tutur.
T. Quliyevin Azərbaycan kino musiqisinin inkişafında
da rolu vardır. O, «Bəxtiyar», «Görüş»,
«Qızmar günəş altında», «Ögey
ana», «Telefonçu qız», «Belə ada da vardır»,
«Nəsimi» və s. filmlərə musiqi bəstələmişdir.
Quliyev «Aktrisa» (1943), «Qızılaxtaranlar»
(1963), «Sənin bircə sözün» (1963),
«Tahirin süqutu» (1972), «Sabahın xeyr, Ella!»
(1973) operettalarının müəllifidir.
T. Quliyev valslar, fortepiano üçün prelüd
və variasiyalar, dram tamaşalarına («On
ikinci gecə», «Aydın», «Yaşar» və
s.) musiqi yazmış, bir sıra Azərbaycan
xalq mahnı və rəqslərini, həmçinin
ərəb, hind, bolqar mahnılarını
işləmiş, «Rast», «Zabul» və «Dügah»
muğamlarını (Z. Bağırovla birgə)
nota salmışdır.
2 Qırmızı Əmək Bayrağı
ordeni və «Şərəf nişanı»
ordeni ilə təltif edilmişdir.