Hacibəyov (Hacibəyli)
Üzeyir Əbdülhüseyn oğlu
(18.9.1885,
Şuşa qəzasının Ağcabədi
kəndi —23.11. 1948, Bakı) — Azərbaycan
bəstəkarı, musiqişünas alim,
publisist, dramaturq, pedaqoq və ictimai xadim.
Müasir Azərbaycan professional musiqisinin və
milli operasının banisi. Şərqdə
ilk operanın yaradıcısı. SSRİ
xalq artisti (1938), Azərbaycan Elmlər Akademiyasının
akademiki (1945). Professor (1940). Stalin mükafatı
laureatı (1941, 1946). Azərbaycan Bəstəkarlar
İttifaqının sədri (1938—48), Azərbaycan
Dövlət Konservatoriyasının rektoru
(1928 —29; 1939—48), Azərbaycan Elmlər Akademiyasının
İncəsənət İnstitutunun direktoru
(1945—48) olmuşdur.
Hacıbəyov bədii yaradıcılığa
publisistika ilə başlamışdır.
O, "İttihad" , "Həyat", "İrşad" ,
"Tərəqqi" , "Həqiqət" , "İqbal"
, "Yeni iqbal" qəzetlərində və "Molla
Nəsrəddin" jurnalında "Ordan-burdan" ,
"O yan bu yan" və s. başlıqlar altında
"Ü" , "Filankəs" və s. gizli imzalarla
dövrün mühüm ictimai-siyasi, maarifçilik
məsələlərinə dair çoxlu
məqalə, felyeton və satirik miniatürlər
dərc etdirmişdir.
Hacıbəyovun 1908 il yanvarın 12-də
(yeni təqvimlə 25-də) Bakıda "H.Z.Tağıyevin
teatrında göstərilən "Leyli və
Məcnun" operası ilə təkcə Azərbaycan
deyil, bütün müsəlman Şərqində
opera sənətinin əsası qoyulmuşdur;
operanın librettosunu Hacıbəyov Füzulinin
eyniadlı poeması əsasında yazmışdır.
Hacıbəyov 1909—15 illərdə bir-birinin
ardınca "Şeyx Sənan" (1909), "Rüstəm
və Söhrab" (1910), "Şah Abbas və Xurşid
Banu" (1912), "Əsli və Kərəm" (1912),
"Harun və Leyla" (1915) muğam operalarını
bəstələmişdir.
O, Azərbaycanda musiqili komediya janrının
yaradıcısıdır (komediyalarının
mətnini də özü yazmışdır).
Onun " Ər və arvad" (ilk tamaşası
—1910), "O olmasın, bu olsun" (ilk tamaşası—1911),
"Arşın mal alan" (1913) musiqili komediyalarında
inqilabdan əvvəlki Azərbaycan məişəti,
xalq adət və ənənələri öz
əksini tapmışdır.
Hacıbəyov 1918—20-ci illərdə Azərbaycan
Demokratik Respublikasının hakimiyyəti
dövründə "Azərbaycan" qəzetində
fəaliyyət göstərmişdir.
Hacıbəyov 1921ci ildə Bakıda azərbaycanlı
tələbələr üçün ilk
musiqi məktəbini — Azərbaycan Dövlət
Türk Musiqi Məktəbini (sonralar texnikum)
təşkil etmişdir; texnikum (ilk direktoru
Hacıbəyov olmuşdur) 1926 ildə Azərbaycan
Dövlət Konservatoriyası ilə birləşdirilmişdir.
Hacıbəyovun təşəbbüsü
ilə 1936 ildə Azərbaycan Dövlət
Filarmoniyası nəzdində yenidən təşkil
olunmuşdur. O, 1927 ildə M. Maqomayevlə
birgə ilk "Azərbaycan türk el nəğmələri"
məcmuəsini nəşr etdirmişdir.
Hacıbəyov 1931 ildə Azərbaycan Radio
Komitəsi yanında ilk notlu xalq çalğı
alətləri orkestri təşkil etmişdir.
Hacıbəyov bu orkestr üçün 1931
—32 illərdə bəstələdiyi 1-ci
("Çahargah" ) və 2-ci ("Şur" ) fantaziyalarını
bəstələmişdir. Orkestrə ilk vaxtlar
Hacıbəyov özü dirijorluq etmişdir.
Hacıbəyovun kamera instrumental əsərləri
içərisində skripka, violonçel və
orkestr üçün bəstələdiyi
"Aşıqsayağı" (1931) triosu Azərbaycan
musiqisində ilk ansambl pyeslərindəndir.
Hacıbəyov bu dövrdə kütləvi
mahnı janrına da müraciət etmişdir
("Süvari mahnısı" , "Pilotlar" ). O, 30-cu
illərdə bir neçə kantata-Firdovsinin
1000 illiyinə (1934), M. F.Axundova həsr olunmuş
"Ölməz sənətkar" (1938) və s.
yazdı.
1937 il aprelin 30-da Azərbaycan Opera və Balet
Teatrında ilk dəfə "Koroğlu" operası
(librettosu H. İsmayılov və M. S. Ordubadinindir)
tamaşaya qoyuldu.
Hacıbəyovun "Arşın mal alan" musiqili
komediyası ingilis, alman, Çin, ərəb,
fars, polyak, rus, Ukrayna, belorus, gürcü və
s. dillərə tərcümə edilmiş,
bir çox şəhərlərdə, o cümlədən
Moskva, Nyu-York, Paris, London, Tehran, İstanbul,
Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt,
Buxarest və s. yerlərdə tamaşaya qoyulmuşdur.
"O olmasın,bu olsun" musiqili komediyası Zaqafqaziya,
Dağıstan, Orta Asiya, Türkiyə, Bolqarıstan,
İran və Yəməndə, "Koroğlu"
operası isə Aşqabadda (1939, türkmən
dilində), Yerevanda (1942, erməni dilində),
Daşkənddə (1950, özbək dilində)
səhnəyə qoyulmuşdur. Hacıbəyovun
"Arşın mal alan" musiqili komediyası 1916
(rej. Belyakov), 1917 (rej. B. Svetlov), 1945 (rejissorlar
R. Təhmasib, N. Leşşenko) və 1965
(rejissor T. Tağızadə) illərdə,
"0 olmasın, bu olsun" (rejissor H. Seyidzadə)1956
ildə ekranlaşdırılmışdır.
Azərbaycan Dövlət Konservatoriyasına
(1949) və Azərbaycan Dövlət Simfonik
Orkestrinə (1944) Hacıbəyovun adı
verilmişdir. 1966—70 illərdə Azərbaycanda
Hacıbəyov adına Respublika Dövlət
mükafatı təsis edilmişdi. Şuşada
(1965) və Bakıda (1975) Hacıbəyovun
ev muzeyləri açılmIşdır.