Bədəlbəyli Əfrasiyab
Bədəlbəy oğlu
(19.4.1907,
Bakı– 6.1.1976, Bakı) – Azərbaycan bəstəkarı,
dirijor, musiqişünas, librettoçu. Azərbaycan
xalq artisti (1960).
1930 ildə Azərbaycan Dövlət Universitetini,
1938 ildə Leninqrad konservatoriyası nəzdində
musiqi məktəbini bitirmişdir. 1930 ildən
ömrünün sonunadək Azərbaycan
Dövlət Opera və Balet Teatrının
dirijoru olmuşdur. Repertuarında Qərbi
Avropa, rus, sovet, eləcə də Azərbaycan
bəstəka rlarının əsərləri,
o cümlədən «Aida» və «Riqoletto» (C.
Verdi), «Toska» (C. Puççini), «Leyli və
Məcnun» (Ü. Hacıbəyov), «Sevil» (F.
Əmirov), «Vaqif» (R. Mustafayev) operaları,
«Sonalar gölü» (P. İ. Çaykovski),
«Raymonda» (A. Qlazunov) baletləri və s. əsas
yer tutmuşdur.
Bədəlbəyli ilk milli Azərbaycan baleti
– «Qız qalası»nın (1940, 2-ci redaksiyası
1958) müəllifidir. «Qız qalası» üçün
böyük emosional tə‘sir qüvvəsi
və dramaturji kamillik, klassik balet formaları
ilə milli musiqinin üzvi əlaqəsi səciyyəvidir.
Bədəlbəyli «Xalq qəzəbi» (1941,
B. Zeydmanla birlikdə), «Nizami» (1948), «Söyüdlər
ağlamaz» (1971, 2-ci redaksiyası 1975) operalarının,
simfonik poema və təntənəli marşın
(hər ikisi 1930) müəllifidir. Bir çox
dram tamaşasına musiqi bəstələmişdir
(«Hası Qara», «1905-ci ildə», «Fərhad və
Şirin» və s.).
Bədəlbəyli «Bahadır və Sona»,
«Söyüdlər ağlamaz» operalarının,
«Qız qalası», «Qaraca qız», «Qızıl
açar» baletlərinin librettosunu yazmış,
«Sevilya bərbəri» (C. Rossini), «Anuş»
(A. Tiqranyan), «Daisi» (Z. Paliaşvili) operalarının
mətnini ekviritmik tərcümə etmişdir.
Bədəlbəyli Azərbaycan musiqi sənətinin
təbliğçisi, publisist kimi də tanınmışdır.