Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Ağayev Əlağa İsmayıl oğlu

1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. Yeddinci sinfi bitirdikdən sonra «Paris kommunası» adına zavoda çilingər işləmişdir.

1930-cu ildə zavodun nəzdindəki sənət məktəbində oxuduğu zaman dərsdənkənar vaxtlarını su nəqliyyatı işçilərinin klubundakı dram dərnəyində keçirmişdir. Burada o, «Hacı Qara» (M.F.Axundov) komediyasının baş qəhrəmanı Hacı Qara rolunu müvəffəqiyyətlə oynamışdır.

Ə. Ağayev 1934-cü ildə Leninqradda və Tbilisidə keçirilən su nəqliyyatı işçiləri dram kollektivlərinin olimpiadalarında müvəffəqiyyətlə çıxış etmiş, 1936-cı ildə isə M. Qorki adına Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında işə daxil olmuşdur. Bu teatrın səhnəsində 25 ilə qədər fəaliyyət göstərərək yüzə qədər rol oynamışdır. Həmin illərdə o Murad (S. S. Axundov «Tamahkar»), kökər Səməndər (A. Şaiq «Eloğlu»), Bəhlul Danəndə (A. Şaiq «Bir saatlıq xalifə»), zindan xidmətçisi (M. Seyidzadə «Ayaz»), Sqalarel (Molyer «Zorən təbib»), Hacə Qənbər (N. Vəzirov «Hacı Qənbər»), Tarıverdi (M. F. Axundov «Hekayəti-xırs quldurbasan») və s. rolları ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır.

1961-ci ildə Ə.Ağayev M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunmuş, 1963-cu ildə ona «Toy» (S. Rəhman) komediyasında Kərəmov rolu tapşırılmışdır.

Ə.Ağayev S. Rəhman (Aslan «Yalan», Bərbərəada «Xoşbəxtlar», Nəsdullah bəy Otaylinski «Gulənlər») və s. dramaturgiyasından olan obrazlara original səhnə həyatı vermişdir.

Ə.Ağayev geniş yaradıcılıq təxəyyülünə malik rolları özünəməxsus, həyatı çizgilərlə səciyyələndirməyi məharətlə bacaran sənətkardır. Rus və Qərbi Avropa dramaturqlarının tamaşaya qoylan pyeslərində oynadığı Bələdiyyə rəisi (N. Qoqol «Müfəttim»), Avtolik (Şekspir «Qış nağılı»), Launs (Şekspir «İki veronalı»), Stefano (Şekspir «Fırtına») və s. rolları Ə. Ağayev səhnədə ustalıq və reallıqla təcəssüm etdirmişdir.

Ə.Ağayev kino aktyorluğu sahəsində də məhsuldar yaradıcılıq fəaliyyəti göstərmişdir. «Azərbaycanfilm» kinostudiyasının məhsulu olan «Məşədi İbad» (Məşədi İbad), «Görüş» (Şıxəli), «Bir məhəlləli iki oğlan» (Feyzi), «Qanun naminə» (Məmmədxan), «Lenfilm» kinostudiyasında çəkilmiş «Axırıncı məsafə» (Kafe sahibi) və s. filmlərdə bir sıra uğurlu obrazlar yaratmışdır.

Ə.Ağayev telviziya və radio tamaşalarında da səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Ə. Ağayev Azərbaycan SSR xalq artisti adına layiq görülmüş (1954), Qırmızı Əmək Bayrağı ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

   

© Musigi Dunyasi