Bədəlbəyli Şəmsi
Bədəlbəy oğlu
(23.2.1911,
Şuşa – 1986, Bakı)– Azərbaycan rejissoru.
Azərbaycan xalq artisti (1964).
Azərbaycan Dövlət Dram Teatrında (1932–42,
rejissor assistenti və rejissor), Azərbaycan
Musiqili Komediya Teatrında (1943–49, 1956–61, 1963–74,
bədii rəhbər və direktor) işləmişdir.
1974–76 illərdə M. Maqomayev ad. Azərbaycan
Dövlət Filarmoniyasının direktoru
və bədii rəhbəri olmuşdur.
1976 ildən Azərbaycan Teatr Cəmiyyətinin
sədri olmuşdur. Bədəlbəyli Azərbaycan
Dövlət Dram Teatrında «Ölülər»
(1940, C. Məmmədquluzadə), «Xoşbəxtlər»
(1941, S. Rəhman), opera və balet teatrında
«Koroğlu», «Əsli və Kərəm» (1950,
1958, Ü. Hacıbəyov), «Daisi» (1956, Z.
Pavliaşvili), «Sevilya bərbəri» (1962,
C. Rossini), «Knyaz İqor» (1964, A. Borodin), musiqili
komediya teatrında isə «Keto və Kote» (1964,
1968, V. Dolidze), «Gözün aydın» (1946,
F. Əmirov), «Ulduz»(1948, S. Ələsgərov),
«Durna» (1948, 1956, 1959, S. Rüstəmov), «Arşın
mal alan» (1953, Ü. Hacıbəyov), «Ləpələr»
(1970, A. Məlikov), «Hicran» (1973, E. Sabitoğlu)
və s. əsərlərin quruluşçu
rejissoru olmuşdur.
1957 ildə Türkmənistan Dövlət
Opera və Balet Teatrında Ü. Hacıbəyovun
«Koroğlu» operasını tamaşaya qoymuşdur.
Kinofilmlərdə də çəkilmişdir
(«Axırıncı aşırım», «Ömrün
səhifələri» və s.). Qırmızı
Əmək Bayrağı ordeni və medallarla
təltif edilmişdir.