Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Bədirbəyli Leyla Ağalar qızı

(1920-2000)

1920-ci ilin yanvar ayının 8-də Bakı şəhərində anadan olmuşdur.

O, məktəbdə oxumaqla yanaşı Əli Bayramov adına qadınlar klubu yanında dram və rəqs dərnəklərində də fəal iştirak edir.

1937-ci ilin oktyabr ayında Leyla Bədirbəylinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yenicə təşkil edilmiş rəqs ansamblına dəvət edirlər. Gənc solist bu kollektivdə 1942-ci ilə qədər işləyir. Bu müddət ərzində Leyla xanım incə və məlahətli rəqslərin mahir ifaçısı kimi tanınır və onun Əlibaba Abdullayevlə birlikdə ifa etdiyi «Naz eləmə» rəqsi respublikamızdan kənarda da gurultunu alqışlarla qarşılanmışdır. Həmin illərdə Leyla xanımın istedadı kino xadimlərinin də nəzərini cəlb edir və o, ilk dəfə olaraq 1940-cı ildə «Səbuhi» filmində Tubu rolunda çəkilir.

1941-ci ildə Leyla xanım Azərbaycan Dövlət Akademik Dram Teatrının kollektivinə daxil olur.

Leyla Bədirbəylinin Azərbaycan Dövlət dram teatrı səhnəsindəki ilk çıxışı xalq yazıçısı Mirzə İbrahimovun «Məhəbbət» pyesinin tamaşasındakı Zəhra rolu olur. Sonra isə o, A. N. Ostrovskinin «Tufan» pyesində Qlaşa rolunu məharətlə ifa edir. Daha sonra Leyla xanım bir-birinin adınca Ə, Haqverdiyevin «Pəri-cadu» pyesində Pəri; Səməd Vurğunun «Vaqif»ində Gülnar və Xuraman; «Xanlar»ında Mehriban; C. Cabbarlının «Solğun çiçəklər»ində Sara; «Almaz»ında Almaz; R. Rzanın «Qardaşlar»ında Ləman; Ə. Məmmədxanlının «Şərqin səhəri»ndə Dilarə; «Od içində» pyesində Pərvan; İ. Əfəndiyevin «İşıqlı yollar»ında Lalə; «Atayevlər ailəsində» Mehriba; S. Rəhmanın «Xoşbəxtlər»ində İnci, «Əliqulu evlənir»də Qumral; «Kəndçi qızı»nda Göyərçin; Hüseyn Cavidin «Şeyx Sənan»ında Zəhra; İmran Qasımov və Həsən Seyidbəylinin «Uzaq sahillərdə» pyesində Ancelika və başqa rolları məharətlə ifa edir.

Leyla Bədirbəyli məharətli dram artisti omaqla yanaşı həm də, bacarıqlı kino aktrisasıdır. O, ilk dəfə 1940-cı ildə Amo Bek-Nazrovun çəkdiyi «Səbuhi» filmində Tubu, 1945-ci ildə Rza Təhmasib tərəfindən çəkilmiş «Arşın mal alan» filmində Leylanın yaratdığı Gülçöhrə obrazı aktrisanın ən böyük müvəffəqiyyəti olmuşdur. Leyla xanıma bu rola görə SSRİ Dövlət Mükafatı verilmişdir. Bu filmdən sonra o, «Görüş» - Bilqeys; «Onun böyük ürəyi» - Xalidə, «Kölgələr sürünür» - Leyla; «Fətəli xan» - Tutti Bikə; «Koroğlu» - Nigar və «Sevil» film-operasında Tafta rolunda çəkilir.

Leyla Bədirbəylinin Azərbaycan incəsənətinin inkişaf etdirilməsi sahəsindəki xidmətləri yüksək qiymətləndirilərək, «Azərbaycan SSR Əməkdar Artisti» (1949), «Azərbaycan SSR Xalq Artisti» (1959) fəxri adı verilmişdir.

   

© Musigi Dunyasi