Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Teatr və kino xadimləri



 


Dağıstanlı İsmayıl Yusif oğlu

İsmayıl Yusif oğlu Dağıstanlı (1907 - 1980) SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Azərbaycan səhnəsinin ən görkəmli sənətkarlarından biridir.

İsmayıl Yusif oğu Dağıstanlı (Hacıyev) 1907-ci il yanvarın 6-da Azərbaycan Qax rayonunun Zərnə kəndində anadan olmuşdur. O, erkən yaşlarından teatr sənəti ilə maraqlanmışdır.

1930-cu ildə Azərbaycan Teatr Texnikumunu bitirdikdən sonra İ. Dağıstanlı öz həyatını həmişəlik Azərbaycan Akademik Dram Teatrı (indiki Azərbaycan Milli Akademik Dövlət Dram Teatrı) ilə bağlamışdır.

Uzun illər səhnədə səmərəli fəaliyyət göstərən aktyor Azərbaycan teatr sənətinin inkişafında çalışmış, bir çox rolların ifaçısı olmuşdur. Realizm məktəbi keçmiş, parlaq və özünəməxsus istedada malik bir aktyor kimi özünü göstərmiş İ. Dağıstanlı məşhur dramaturqların və klasskilərin əsərlərinin tamaşalarında yadda qalan sürətlər silsiləsi yaratmışdır. Onun səhnə yaradıcılığı həmişə yüksək vətəndaşlıq pafosu ilə seçilirdi.

O, S. M. Kirov (Ə. Məmmədxanlı «Şərqin səhəri» və C. Məcnunbəyovun «İliç buxtası» əsərlərində), N. Nərimanov (M. İbrahimovun «Gəzərən ocaqlar» əsərində) rollarını böyük ilhamla və sənətkalıqla ifa etmişdi. V. Şekspirin «Otello», A. N. Ostrovskinin «Tufan», A. P. Çexovun «Vanya dayı», C. Cabbarlının «1905-ci ildə», «Od gəlini», S. Vurğunun «Vaqif» və «Xanlar», İ. Əfəndiyevin «Mahnı dağlarda qaldı» və bir çox tamaşalarda İ. Dağıstanlının ifa etdiyi baş rollar onun geniş diapazonlu aktyor olduğuna dəlalət edirdi. İ. Dağıstanlı teatrda işləməklə yanaşı C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının bir çox filmlərində də müvəffəqiyyətlə çəkilmişdi.

O, M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə nitqi kafedrasında aktyor kadrlarının hazırlanması işinə çox kömək etmişdir.

Teatr sənətinin inkişafında İsmayıl Dağıstanlının xidmətlərini yüksək qiymətləndirilmişdir. O, iki dəfə Lenin ordeni ilə, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri, SSRİ medalları ilə təltif olunmuş, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları layreatı fəxri adına layiq görülmüşdü.

İ. Dağıstanlı 1980-ci ildə 74 yaşında Bakı şəhərində vəfat etmişdir.

   

© Musigi Dunyasi