Zeynalov Əli Yusif oğlu
Zeynalov
Əli Yusif oğlu – aktyor. 1913-cü ildə
Səlyanda müəllim ailəsində anadan
olmuşdur. Pedaqoji texnikumda təhsil almış,
sonra Teatr texnikumuna daxil olaraq 1934-cü ildə
buranı bitirmişdir.
Əli Zeynalovun yaradıcılıq yolu Yerevanda
Azərbaycan dram teatrı və Bakıda Azərbaycan
dövlət dram teatrı ilə bağlı
olmuşdur.
Ə.Zeynalovun ilk rolu Yerevan Azərbaycan dram
teatrının səhnəsində oynadığı
C.Cabbarlının “1905-ci ildə” pyesindəki
Baxşı obrazı olmuşdur. Bu teatrda
rejissor Canan tərəfindən səhnələşdirilmiş
Əbdül xan Hamidin “Hind qızı” pyesində
yaratdığı Tonson obrazı Ə.Zeynalova
böyük uğur gətirmişdir.
10 ildən artıq bir müddətdə Yerevan
Azərbaycan dram teatrının səhnəsində
çalışan Əli Zeynalov gözəl
obrazlar yaratmışdır: Baxşı (“1905-ci
ildə”), Elxan (“Od gəlini”), Yaqo (“Otello”),
Vaqif (“Vaqif”), Arkadiy (“Platon Kreçet”), Süleyman
(“Xant”), Nəbi (“Qaçaq Nəbi”) və b.
Əli Zeynalovun bu səhnədə ən
yaxşı rolu Otello (“Otello”) obrazı idi
ki, bu rolada o, 1944-cü ildə Ümumittifaq
Şekspir festivalında çıxış
etmişdir.
1946-cı ildə Əli Zeynalov Bakıya Azərbaycan
dövlət dram teatrına dəvət olunur.
Həmin vaxtdan onun bir yetkin aktyor kimi fəaliyyət
dövrü başlanır.
23 il bu teatrın səhnəsində çalışmış
Əli Zeynalov bir sıra parlaq və yaddaqalan
obrazlar yaratmışdır: Bəhruz (“Şərqin
səhəri”), Furmanov (“Qiyam”), Vaqif (“Vaqif”),
Əhməd Rza (“Qəribə adam”), Süleyman
(“Həyat”), Seyran (“Namus”), Antoni (“Antoni və
Kleopatra”) və b.
Antoni rolunun ifasına görə Ə.Zeynalov
M.F.Axundov adına mükafata layiq görülmüşdür.
Ə.Zeynalovun sonuncu rolları Cəlal Qaşqay
(“Alov”), Həsənzadə (“Sən həmişə
mənimləsən”) olmuşdur.
Əli Zeynalov kino sahəsində də məhsuldar
fəaliyyət göstərmiş və yaddaqalan
obrazlar yaratmışdır: İmamzadə
(“Kölgələr sürünür”), Xan
(“Bir qalanın sirri”), Pedro (“Varis”) və s.
Ə.Zeynalov həmçinin radio və televiziya
tamaşaçıları tərəfindən
çox sevilən qiraət ustası olmuşdur.
Onun həm səhnədə, həm kinoda,
həm də televiziya və radiodakı çıxışları
tamaşaçılara və dinləyicilərə
böyük zövq aşılamışdır.
Əli Zeynalovun xidmətləri dövlət
tərəfindən yüksək qiymətləndirilmiş,
o, Azərbaycanın əməkdar artisti (1956)
və xalq artisti (1964) fəxri adına laiq
görülmüşdür.