Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı)

(1926–1991)– şair, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1987).

1938-ci ildə ailəliklə Cənubi Azərbaycana – Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. Gənc yaşlarından milli demokratik hərəkata qoşulmuşdur. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz dram teatrında çalışmışdır. «Azərbaycan» qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir.

Təbriz qadınlar klubunun büro üzvü seçilmişdir (1946). Bədii yaradıcılığa 1940-cı illərdən başlasa da, ilk şerlərini 1945-ci ildə Təbrizdə «Vətən yolunda», «Azərbaycan» qəzetlərində və almanaxlarda çap etdirmişdir. «Vətən yolunda» qəzeti redaksiyasının nəzdindəki «Şairlər məclisi»nin (1945) və milli hökumət dövründə Təbrizdə yaranmış «Yazıçılar və şairlər cəmiyyəti»nin (1946) üzvü kimi fəaliyyət göstərmişdir. Milli hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra mühacirətdə yaşamalı olmuşdur.

Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1948). Onun əsərləri keçmiş SSRİ xalqlarının və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Bədii yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirmişdir. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvülüyünə namizəd, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsinin plenum üzvü, eyni zamanda Asiya və Afrika ölkələri həmrəyliyi Azərbaycan Respublika Komitəsinin üzvü seçilmişdir.

«Təbrizin baharı» (1950), «Savalanın ətəklərində» (1950), «Sülhün səsi» (1951), «Yadigar üzük» (1953), «Təbriz qızı» (1956), «Firudin» poeması (1963), «Dünyamızın sabahı» (1974), «Yora bilməz yollar məni» (1978), «Durnalar qayıdanda» (1983), «Dünya şirin dünyadır» (1989) və s. kitabların müəllifidir.

 

   

© Musigi Dunyasi