Rəfibəyli Nigar Xudadat
qızı
(29.06.1913, Gəncə – 10.07.1981,
Bakı) – Azərbaycan şairəsi. Azərbaycan
xalq şairi (1981). Azərbaycan əməkdar
mədəniyyət işçisi (1967).
Moskva Pedaqoji İnstitutunu bitirmişdir (1936).
«Çadra» adlı ilk şeri 1928 ildə «Dan
ulduzu» jurnalında dərc edilmişdir. 1934
ildə nəşr olunmuş ilk «Şerlər»
kitabı Azərbaycan qadınlarının
yeni həyat quruculuğunda iştirakından
bəhs edir. «Dolores İbarruri» (1936) şeri
ispan xalqının faşizmə qarşı
qəhrəmanlıq mübarizəsinə
həsr olunmuşdur.
Böyük Vətən müharibəsi illərində
Rəfibəyli döyüşçülərin
rəşadətini və xalqın qələbəyə
inamını («Zəfər nəğməsi»
kitabı, 1943) tərənnüm etmişdir.
Rəfibəylinin yaradıcılığında
müharibə əleyhinə mübarizə
mövzusu mühüm yer tutur («Şerlər»
(1949), «Anaların səsi» (1951), «Yol xatirələri,
Avropa ətrafında səyahət gündəliyindən»
(1957) və s. kitabları). «Cəmilə»
şeri Əlcəzair xalqının milli
azadlıq mübarizəsinə həsr olunmuş
qüvvətli lirik əsərlərdəndir.
Azərbaycanın gözəl təbiət
mənzərələri, mənəvi zənginliyi,
vətənpərvərlik, sülh, demokratiya,
azadlıq ideyaları «Dənizin səsi gəlir»
(1964), «İşıqlı dünyam» (1969),
«Günəşdən gənclik istədim»
(1974) və s. kitablarındakı şerlərin
əsas mövzularıdır.
Rəfibəyli Uşaqlar üçün də
əsərlər («Balaca qəhrəman», 1942;
«Günəşin cavabı», 1966; «Məstanın
balaları», 1968; «Bizə bahar yaraşır»,
1978 və s.) yazmışdır.
Məhsəti Gəncəvinin rübailərini,
Evripidin «İfigeniya», F.Şillerin «Məkr
və məhəbbət», A.P,Çexovun «Vanya
dayı», «ALbalı bağı» dramalarını,
E.L.Voyniçin «Ovod», O.Qonçarın «Bayraqdarlar»
romanlarını, Ə.Nəvai, A.S.Puşkin,
M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi,
A.Mitskeviç, A.Sereteli və b.-nın bəzi
əsərlərini tərcümə etmişdir.
Əsərləri xarici dillərə tərcümə
olunmuşdur.