Vahid (Əliağa Məmmədqulu
oğlu İsgəndərov)
(1895, Bakı – 1.10.1965, Bakı)
– Azərbaycan şairi. Azərbaycan əməkdar
incəsənət xadimi (1943).
Mollaxanada oxumağa başlamış,
sonra ehtiyac üzündən təhsilini yarımçıq
qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında
Bakıdakı «Məcməüş-şüəra»
ədəbi məclisində iştirak etmiş,
Azər (İmaməliyev), Müniri və
b. şairlərin təsiri ilə lirik şerlər
yazmışdır. Satirik şerlərində
ictimai nöqsanları, möhumatı, zülm
və haqsızlığı ifşa etmişdir.
«Tamahın nəticəsi» adlı ilk kitabı
nəşr olunmuşdur. Azərbaycanda Sovet
hakimiyyətinin qələbəsini rəğbətlə
qarşılayan Vahid İnqilabi təbliğat
sahəsində fəal çalışmış,
yeni həyatı tərənnüm edən
çoxlu şer: «Əsgər və fəhlə
yoldaşlarıma», «Məktəb nə deməkdir»,
«Ucal, mələyim» və s. yazmış,
«Kommunist» qəzetində, «Molla Nəsrəddin»
jurnalında əməkdaşlıq etmişdir.
«Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı
şeirlərdə yeniliyə Mane olanlar, kəskin
satira atəşinə tutulur.
Böyük Vətən müharibəsi
illərində yazdığı əsərlərdə
(«Döyüş qəzəlləri», 1943;
«Qəzəllər», 1944 kitabları) Vahid
Vətənə məhəbbət, düşmənə
nifrət, qələbəyə inam hissləri
təbliğ edirdi.
Füzuli ənənələrinin
davamçısı olan Vahid müasir Azərbaycan
ədəbiyyatında qəzəl janrının
görkəmli nümayəndəsidir. Qəzəlləri
poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı
ilə seçilir, xanəndələrin repertuarında
mühüm yer tutur. Nizami, Xaqani, Füzuli,
Nəvai və b.-nın qəzəllərini
Azərbaycan dilinə tərcümə etmişdir.