Axtarış 
         DÖVLƏT XADİMLƏRİ     ELM XADİMLƏRİ     MUSİQİ XADİMLƏRİ
          ŞAİR VƏ YAZICILAR     RƏSSAMLAR     TEATR, KINO XADİMLƏRİ

Şair və yazıçılar



 


Sarıvəlli Osman (Qurbanov Osman Abdulla oğlu)

Sarıvəlli Osman (Qurbanov Osman Abdulla oğlu) – Azərbaycan xalq şairi.

1905-ci ildə Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində almış, 1926-cı ildə isə Qazax pedaqoji seminariyasını bitirdikdən sonra bir müddət Göyçay rayonunda müəllimlik etmişdir. 1929-cu ildə O. Sarıvəlli Moskvaya oxumağa göndərilir. Moskva mühiti onun inkişafına böyük təsir göstərir. O, «Atamın oğlu», «Xram uçur», «Baltikdən - Atlantikə» və bu kimi şeirlərini Moskvada yazır. O. Sarıvəlli 1932-1936-cı illərdə Bakı Pedaqoji məktəbində müəllim işləmişdir. O, 1936 – 1945-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında Şer bölməsinin rəhbəri, ittifaqın sədri, «Ədəbiyyat qəzeti»nin redaktoru, Bakı Teatr Texnikumunun direktoru və s. vəzifələrdə çalışmışdır. Şair Böyük Vətən müharibəsi illərində Sovet Ordusu ilə birlikdə İrana getmiş və Təbrizdə çıxan «Vətən yolunda» qəzetinin məsul katibi olmuşdur.

Bu illər ərzində o, «Vətən eşqinə», «Vur başına dönüm, vur!», «Qafqazdan Dona doğru» və b. şerlərini yazır. Müharibədən sonra O.Sarıvəlli bədii yaradıcılıqla yanaşı, nəşriyyat işində çalışmışdır.

Şairin «Dəmir sətirlərim» (1934), «Bənövşə» (1940), «Gənclik eşqi» (1946), «Bahar çiçəkləri» (1949), «Balaca dostlar» (1956), «Seçilmiş əsərləri» (1958, 1962), «İqlimdən iqlimə» (1963). «Ömrün ötən günləri» (1964) kimi kitabları çapdan çıxmışdır.

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətinə görə O. Sarıvəlliyə 1977-ci ildə respublikanın xalq şairi adı verilmişdir. O, bir sıra orden və medallarla təltif edilmişdir.

1990-cı il iyulun 3-də Bakıda vəfat etmişdir.

   

© Musigi Dunyasi